Komitə sədri: “Azərbaycandakı sabitlik investorlar üçün əlverişli imkanlar yaradır”

Komitə sədri: “Azərbaycandakı sabitlik investorlar üçün əlverişli imkanlar yaradır”
14:18 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin martın 27-də Saatlıda keçirdiyi respublika müşavirəsinin ölkə iqtisadiyyatının inkişafına ciddi töhfələri olacaq”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Arif Rəhimzadə bildirib.

Ölkə başçısının gördüyü işlərin, atdığı addımların müsbət əhəmiyyətə malik olduğunu vurğulayan A.Rəhimzadə deyib ki, Azərbaycan əhalisi Prezidentin atdığı addımları yekdilliklə dəstəkləyir və təqdirəlayiq hesab edir:

“Hazırda Azərbaycan ən böyük ehtiyat vəsaiti kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsindən əldə edə bilər. Ona görə də ölkə başçısının kənd təsərrüfatı sahəsinə yönəldilən bütün addımlarını yüksək qiymətləndirirəm. Bu, cəmiyyət tərəfindən də çox yüksək qiymətləndirilir. Bizim ən böyük maliyyə ehtiyatımız bu sahədədir”.

A.Rəhimzadə qeyd edib ki, kənd təsərrüfatı sahəsi neft gəlirlərini tam əvəz edə bilməsə belə, insanların işlə təmin olunmasında mühüm rol oynayır:

“Ola bilər ki, kənd təsərrüfatından istənilən qədər gəlir götürmədik. Ancaq insanlar üçün iş yerləri olacaq, onlar orada çalışacaqlar, vəsait əldə edəcək, hamı gəlib şəhərə yığılmayacaq. Bütün bu amilləri nəzərə alsaq, kənd təsərrüfatının inkişafı neftdən heç də az əhəmiyyətli deyil”.

A.Rəhimzadə vurğulayıb ki, Azərbaycanda hökm sürən siyasi sabitlik və təhlükəsizlik şəraiti investorlar üçün əlverişli imkanlar yaradır:

“Hazırda Azərbaycanın ətrafında yerləşən dövlətlərə baxsaq, görərik ki, hamısında narahatçılıq, qeyri-sabitlik mövcuddur. Həmin ölkələrdə insanlar özlərini təhlükəsiz hiss etmirlər. Ancaq Azərbaycanda sabitlik mövcuddur. Ölkəmiz uzunmüddətli investisiya vəsaiti qoymaq üçün ən əlverişli ölkələrdən biridir. Misal üçün, Ukraynaya, Suriyaya, İraqa investisiya vəsaiti qoyan adam 2-3 aydan sonra onun taleyinin necə olacağını dəqiq bilmir. Ancaq Azərbaycanda uzunmüddətli təminat var”.

Komitə sədri Azərbaycanda azad iqtisadiyyatın inkişafı üçün Gürcüstan təcrübəsindən də yararlanmağın vacib olduğunu bildirib:

Gürcüstanda azad iqtisadiyyatla bağlı müsbət hallar varsa, biz o təcrübəni də öyrənməliyik. Mən demirəm ki, biz idealıq, amma Gürcüstan pisdir. Gürcüstanda da müsbət örnəklər var və onlara da diqqət yetirmək lazımdır. Əgər Gürcüstanda bizə fayda gətirəcək məqamlar varsa, onları götürmək olar”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/193241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR