Prezident İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"

Prezident İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
15:05 31 Mart 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Hətta XX əsrin əvvəllərində çar Rusiyasında dərc edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, nəinki Dağlıq Qarabağda, indiki Ermənistan Respublikasında da əksər toponimlər Azərbaycan mənşəlidir".

İlham Əliyev əlavə edib: "O da sirr deyil və bunu artıq beynəlxalq aləm də bilir ki, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma "Dağlıq Qarabağ qurumu"nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik.

Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var. Biz aprel döyüşləri zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıyıq ki, onları yerinə oturdaq. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək".

Prezident vurğulayıb ki, heç bir ölkə bu qondarma qurumu tanımır: "Orada bu yaxınlarda keçirilmiş qondarma "referendum" bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu "referendum"u tanımırlar. Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma "referendum" keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər.

Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq. Sadəcə 1990-cı illərin əvvəllərində ovaxtkı hakimiyyətin, xüsusilə AXC-Müsavat hakimiyyətinin xəyanətkar və satqın fəaliyyəti nəticəsində biz o torpaqları müvəqqəti olaraq itirmişik. Ancaq biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR