​“Made in Azerbaijan” brendi

Yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət missiyaları fəaliyyətə başlayacaq. Bu brend hansı məhsullara şamil olunacaq?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, “Made in Azerbaijan” brendi qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgilənir:

“Ölkədə istehsal olunan mallara dair vahid məlumat bazasının yaradılması haqda prezident İlham Əliyev 2016-cı ilin sentyabrın 21-də sərəncam imzalayıb. Adı çəkilən sənəd ilə Azərbaycan mənşəli mallar haqda məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) 3 ay müddətində əlverişli platforma yaratmaq tapşırığı verilib. Bu da “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, realizəsi üçün olduqca vacib məsələ sayılır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərman ixrac qabiliyyətli məhsul istehsalını genişləndirmək, məhsulların keyfiyyətini daim yaxşılaşdırmaq, yerli və xarici bazarlarda rəqabətə davamlı məhsullar üzrə çeşidləri artırmaq məqsədilə verildiyindən, sənəddə dəstək üzrə əks olunan mexanizmlər ilkin istehsal prosesindən başlamış məhsulun ixracına qədər bütün fazaları əhatə edir”.

İqtisadçı əlavə edib ki, bu işdə “azexport.az” saytı bir növ tamamlayıcı xarakter daşıyır:

“Düzdür, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə bundan xeyli əvvəl başlanılıb. Belə ki, xarici mağazalar şəbəkəsində, beynəlxalq hava limanlarında Azərbaycan rəflərinin, mağazalarının yaradılması işlərinə “azexport.az” saytı istifadəyə təqdim edilmədən öncə start verilib. Azərbaycanın kənd təsərrüfatı, şərab, ərzaq, sənaye, inşaat məhsullarının xarici bazarlarda tanıdılması, yerləşdirilməsi və çıxışlarının əldə edilməsi üçün dövlət hesabına ixrac missiyalarının təşkili və müxtəlif beynəlxalq sərgilərdə nümayişi, reklam işlərinin təmini hələ 2016-cı ilin payızından həyata keçirilir. Lakin “azexport.az” fəaliyyətə başladıqdan cəmi 1 ay ərzində xeyli həcmdə müvafiq sifarişlər əldə olunması prosesin bir növ “relsə düşdüyünü” göstərdi. Belə ki, təkcə 2017-ci ilin yanvar ayı ərzində sözügedən portala yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil oldu. Bu təkliflər Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdən əldə edilib. Məsələn, Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bunun ümumi dəyəri 4 milyon ABŞ dolları idi. Türkiyə, İraq, Liviya və Qana, Nigeriyadan ümumi həcmi 180 ton, dəyəri 350 min ABŞ dolları olan toyuq əti sifariş olunub. Moldovadan 20 min dollarlıq 20 min ədəd limonad, Fransadan isə nar şirələrinin distrübutorluğu üçün sifariş daxil olub”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR