Nazirlik rəsmisi: “Xarici ölkələr Azərbaycanda pambıqçılığa investisiya qoymaq istəyir”

Nazirlik rəsmisi: “Xarici ölkələr Azərbaycanda pambıqçılığa investisiya qoymaq istəyir”
18:08 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Pambıqçılıq sahəsi üzrə Azərbaycana xarici ölkələrdən də investisiya qoymağa maraq göstərilir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov bildirib.

Şöbə müdiri deyib ki, xarici ölkələr arasında Türkiyə və İrandan müraciət edənlər var:

“Xaricdən təkliflər gəlir. Bu cür təkliflər adətən hökumətlərarası komissiyaların iclaslarında edilir. Onların müraciətlərinə müvafiq qurumlar baxırlar. Kənd Təsərrüfatı Nazirliyi olaraq biz Azərbaycanda bu sahənin inkişafına investisiya vəsaiti qoymaq istəyən şəxslərə lazımı dəstəyi verməyə hazırıq. Əgər xaricdən hər hansı şəxslər və ya şirkətlər Azərbaycanda pambıqçılıq və digər sahələr üzrə əkib-becərmək işləri ilə məşğul olmaq istəyərsə, biz onlara lazımı köməkliyi göstərə bilərik”.

Martın 27-də Prezident İlham Əliyevin Saatlıda keçirdiyi respublika müşavirəsinin əhəmiyyətinə də toxunan İ.Cümşüdov qeyd edib ki, pambıqçılıq Azərbaycan üçün böyük potensiala malik olan sahələrdən biridir:

“Yəni, əməktutumlu və gəlirli istehsal sahəsidir. Ölkəmizin torpaq və iqlim şəraitinə uyğundur. Azərbaycanda tarixən pambıqçılıq becərilib və yaxşı məhsul əldə edilib. Azərbaycanda pambıqçılığın elmi əsaslarla inkişafı və bu sahədə yüksək sənaye potensialının yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə pambıqçılıq yüksək səviyyədə inkişaf edib, bu sahədə böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib. 1970-1980-ci illərdə Azərbaycanda pambıq istehsalı 2 dəfədən çox artıb. 1981-ci ildə Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal edilib. O zaman Azərbaycanın dövlət büdcəsinin 25-30 faizi pambıqçılıqdan gələn gəlir hesabına formalaşırdı. Bu potensial imkanı nəzərə alaraq, cənab Prezident İlham Əliyev də pambıqçılığın inkişafına xüsusi önəm verir. Ölkə başçısının bir çox sərəncamları ilə bu sahəyə dövlət dəstəyi həyata keçirilir. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi əksin sahələrinin genişlənməsinə və daha çox məhsul istehsalına səbəb olub. Hazırda da bu istiqamətdə işlər uğurla həyata keçirilir”.

Nazirlik rəsmisi vurğulayıb ki, Prezidentin tapşırıqlarından sonra bu sahəyə maraq daha da artıb:

“Çünki kəndli və fermerlər görür ki, pambıqçılıq gəlirli və əməktutumlu istehsal sahəsidir, dövlətin də bu sahəyə dəstəyi var. Ona görə də son illər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməyə başlayıb”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/193274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR