Ermənilər martda atəşkəsi 3 964 dəfə pozublar

Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 964 dəfə pozub.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, D-44 toplarından, iriçaplı pulemyotlardan, 60, 82, 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Düşmən bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub. Erməni tərəfi cəbhədə vəziyyəti növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribatlara əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Mart ayında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verib. Eyni zamanda, cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Ötən ay Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq atəşlə məhv edilib. Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində isə düşmən 5 nəfərədək itki verib.

Cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR