Qan azlığından əziyyət çəkənlər

Qan azlığı, tibbi adı ilə anemiya qanda qırmızı hüceyrələrin azalması ilə əlaqədardır. Baş gicəllənməsi, zəiflik, yorğunluq, yuxusuzluq, saç tökülməsi, həzmin pozulması amilləri qan azlığının əlamətidir. Düzgün qidalanmamaq nəticəsində yaranan qanda dəmir çatışmazlığı anemiyanın başlıca səbəbidir.

Metbuat.az məlumat verir ki, qan azlığının ən yaxşı çarəsi B12 vitamini, fol turşusu və dəmirdir. Qan azlığı müalicə olunmadıqda ciddi xəstəliklərə səbəb ola bilər. Qanı artırmaq üçün təbii qidalardan istifadə edə bilərsiniz.

Qan artıran qidalar içərisində dəmir və B12 ilə zəngin olan ən faydalı qida qaraciyərdir. Süd, yumurta, pendir və balığın tərkibində B12 vitamini var. Qan artıran qidalardan biri də yaşıl yarpaqlı tərəvəzlərdir. İspanaq, brokoli, quşqonmazın tərkibində bol miqdarda dəmir var, qansızlığa çarədir.

Qan yaradıcı qidalardan biri də gicitkən otudur. Yarım çay qaşığı gicitkən otunu qaynadıb gündə 3-4 dəfə suyunu içmək olduqca faydalıdır. Keçibuynuzu bəhməzi qansızlığa yaxşıdır. Tərkibi dəmirlə zəngindir. Gün ərzində 2-3 çay qaşığı yemək lazımdır. Kişilər üçün yaxşı bir afrodizyakdır və cinsi gücü artırır. Tərkibi dəmirlə zəngin olan dəniz məhsulları da qan artıran qidalar arasındadır. Gündə bir ədəd portağal yemək dəmir ehtiyacının bir faizini qarşılayır. Həmçinin, immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir. Banan isə gündəlik dəmir ehtiyacının iki faizini qarşılayır. Tərkibi C vitamini, kalium, B6 vitamini və maqneziumla zəngindir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR