Cüdoçularımız üçün uğursuz Qran-pri

Cüdoçularımız üçün uğursuz Qran-pri
12:12 1 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən cüdo üzrə Qran-pri yarışının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirə 16 tatami ustası ilə yollanan komandamızın 7 üzvü mübarizəyə başlasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

60 kq çəki dərəcəsində gənc cüdoçu Sahib Əsgərov böyük britaniyalı Neil Makdonalda qalib gəlsə də, növbəti döyüşdə məğlub olaraq mübarizəni dayandırıb. 60 kq-dakı digər təmsilçimiz Mehman Sadıqov isə qızıl xalla mərhələ adlayıb, amma yarımfinala gedən yolda yerli idmançıya, bürünc medal uğrunda təsəlliverici görüşdə isə Braziliya cüdoçusuna uduzaraq yekunda 7-ci yeri tutub.

66 kq çəkidə Tərlan Kərimov elə ilk cəhdində yarışla vidalaşıb. Orxan Hacıağalı isə 1/4 finala kimi irəliləyib, lakin Monqolustan cüdoçusuna məğlub olub. Təsəlliverici döyüşdə Slovakiya idmançısı ilə bacarmayan Hacıağalı da turniri 7-ci pillədə bitirib.

Startda qadın cüdoçularımızdan 3-ü tatamiyə çıxıb və hər üçü də ilk döyüşdə uduzaraq mübarizəni dayandırıb. 48 kq çəkidə Leyla Əliyeva Portuqaliya, 52 kq-da Nəzakət Əzizova Böyük Britaniya, 57 kq çəki dərəcəsində isə Səkinə Zayirova Bolqarıstan idmançısına məğlub olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR