Anar Yevtuşenkodan yazdı (2012)
Görkəmli rus şairi Yevgeni Yevtuşenkonun 80 yaşı tamam oldu. Bu
münasibətlə Rusiya televiziyası şairin ABŞ-ın kiçik şəhərindəki
evindən reportaj göstərdi. Şairin özünü tanımaq çətindi: üz-gözü
qırış-qırış, boğazı sallanmış, başı dazlaşıb, gözləri sönük, səsi
boğuq. Halbuki vaxtilə Yevtuşenkonun harayı ilə camaat stadionları
doldurar, Moskvadakı Mayakovski meydanında gurultulu səsilə
saatlarla söylədiyi nitqləri dinləmək üçün minlərlə pərəstişkarı
toplaşardı. Ucaboylu, düz qamətli, üzünün mənalı ifadəsi ilə
Yevtuşenko öz şerlərini hafizəsilə və böyük ustalıqla, bənzərsiz
tərzdə oxumaq qabiliyyətilə təkcə müasirləri arasında yox, bəlkə də
bütün zamanların ən çox sevilən rus şairi olmuşdu.
Bəlkə də sırf bədii cəhətdən Yevtuşenko Andrey Voznesenski, yaxud
İosif Brodski kimi sənətkarlardan geri qalıb, elə özü də yazdığı
şerlərin yetmiş faizini zəif hesab etmişdi. Buna baxmayaraq, daim
diqqət mərkəzində qalmaq bacarığı sayəsində o vaxtların bütün
ədəbiyyat və incəsənət xadimlərindən, o cümlədən müğənnilərdən və
aktyorlardan daha çox rəğbət görürdü. Onu hər kəsdən çox
sevirdilər, xalqın sevgisini qazanmaq isə həmişə ən ağır günah
sayılıb. Yevtuşenko qısqanclıqdan uzaq olsa da, onun özünü çoxları,
o cümlədən şair dostları da qısqanıblar. Elə Brodski də hətta Nobel
mükafatını alandan sonra belə onun şöhrətini həzm edə bilmir və
təkəbbürlə ”Yevtuşenko kolxozlara qarşı çıxsa, mən onları müdafiə
edərəm” deyirdi.
Bir gün Mərkəzi Yazıçı Evində müharibə nəslindən olan iki rus
şairin söhbətinə təsadüfən şahid oldum. Onlardan biri iddia edirdi
ki, Yevtuşenko şöhrətini təkcə öz istedadına yox, həm də “KQB”yə
borclu imiş.
- Amma yenə də istedadlıdır, elə deyilmi? – deyə o birisi israr
edirdi.
- Elə mən də onu deyirəm, istedadla “KQB” vəhdəti böyük gücdür.
Mənim dostum və Ali Ssenarist Kursundan tələbə yoldaşım İvan Draç
70 yaş yubileyimdə xatirələrini bölüşürdü: “Zaman yaman dönüb.
Vaxtilə Yevtuşenko bizi yüz min adam toplaşdığı stadiondakı
gecəsinə çağırardı, ora heç diplomatlar girə bilmirdilər. Bizimlə
restorana gələndə qapıçıya yüz manat verərdi, halbuki o vaxt aylıq
təqaüdümüz 120 manat olub. Təsəvvürünüzə gətirin ki, biz buna necə
baxırdıq. Bir dəfə Lübomir Levçev bizi Sofiyaya dəvət edib bolqar,
yaxud rus, Ukrayna şerindən söhbət etmək əvəzinə ancaq Yevtuşenko
haqqında danışırdı. Özü də üç saat. Amma mən bir-iki il əvvəl
Sofiyadakı Yevtuşenkonun gecəsinə getdim, oraya haradasa iyirmi
nəfər gəlmişdi. Budur ötən illərin gətirdiyi dəyişiklik, əzizim
Anar...”
Moskvada tələbəlik illərimdə hələ Yazıçılar İttifaqı üzvü olmasam
da, MYE iclasına yol tapa bilmişdim. Yaxşı yadımdadır, o iclasda
Yevtuşenkoya və Voznesenskiyə divan tuturdular. Ədəbiyyat məmurları
S.Mixalkov, A.Korneyçuk, L.Sobolev, A.Sofronov, beynəlxalq icmalçı
Y.Jukov bütün nüfuzlarının gücü ilə gənc şairlərə qarşı hücuma
keçmişdilər. Səbəbi də Yevtuşenkonun öz tərcümeyi-halını Fransa
jurnalında dərc etdirməsi. Mixalkov lağ edirdi: “Tərcümeyi-halında
harada, nə vaxt doğulmusan, atanın, ananın kimliyi göstərilir...
Yevtuşenko da fürsətdən yararlanıb ölkəsini çirkaba...” Başqa
ədəbiyyat məmurları, üstəgəl dəbə minən şairləri yamanca qısqanan
gənc şair V.Firsov da elə bu qəbildən nitqlər söyləyirdilər. Həmin
Firsova bir dəfə gözəl bir həcv yazmışdılar: Firsov deyir,
Yevtuşenkonun hətta iki Dantesi olub, mənim isə birisi də yoxdur
deyə. Bakıda gənc yaşlarımdan bizim Yazıçılar İttifaqının Natəvan
klubunda bu cür çirkin iclaslara dəfələrlə şahid olmuşam, amma
Moskvada belə şeyi ilk dəfədir görürdüm və çox dəhşətli, kədərli
təəssüratla ayrılmışdım. Orada Voznesenski və Yevtuşenko da çıxış
etmişdilər. Voznesenski natiq kimi güclü deyildi, həyəcanlanıb
nitqini dolaşdırır, boğazdan yuxarı danışmağa başlayırdı.
Yevtuşenkonun isə çıxışı bunun tam təzadı idi. Gözəl səsi,
məharətli natiq fəndləri ilə kürsüdə çox rahat görünürdü. Zahirən
də uca boyu, düz qamətli, əynində qəşəng kostümü ilə bayağı
vodevillərin çirkin rəqiblərinin yanında daha cazibəli görünən
müsbət qəhrəmanlarını xatırladırdı. Sonda Yevtuşenko öz şerini
gözəl ifadə ilə oxudu. Görünür, izdihamlı şer gecələrində qopardığı
gurultulu alqışların təəssüratından ayrıla bilməyib bu şerilə
tamaşaçıları dərhal ələ almağı umurmuş. Amma bu dəfə olmadı, elə
tamaşaçılar da başqa idilər. Oxuduğu şer sürəkli alqışla yox,
qaşqabaqlı sükutla qarşılandı. Salonda açıq-aşkar bədxahlıq,
ədavət, qısqanclıq ab-havası hökm sürürdü. Gənc, məşhur, qadınların
sevimlisi, həyat eşqilə dolu Yevtuşenko nə qədər cazibəli
görünürdüsə, hikkəsi istedadını üstələyən bu insancıqların daha çox
nifrətinə tuş gəlirdi. Ölkəyə, hökumətə, ideologiyaya guya qahmar
çıxmaqla bu cılız və müti məxluqlar içəridə bəslədikləri gizli
istəklərini büruzə verirdilər. İllər sonra, yenidənqurma vaxtı
onlara bənzər (bəlkə də eyni) adamlar Yazıçılar İttifaqının
həyətindəki L.Tolstoyun heykəli qarşısında Yevtuşenkonun əvvəlcədən
səylə, kinli səliqəylə hazırlanmış müqəvvasını yandırırdılar.
Beləcə hikkələrini rahatladaraq Yevtuşenko ilə apardıqları döyüşü
başa vurdular. Hər halda onun özünü yandırmaq iqtidarında
deyildilər.
Mən Yevgeni Yevtuşenko ilə 1964-cü ildə MYE-nin restoranında Maqsud
İbrahimbəyov və gürcü yazıçısı Tamaz Çiladze ilə naharımızda tanış
oldum. Yadımdadır, bizə əvvəlcə Vasili Aksenov, sonra da Yevtuşenko
qoşuldu. Həmin görüşü sonradan Aksenovun vəfatına həsr etdiyim
essedə təsvir etmişəm. Burada isə həmin essedə toxunmadığım iki
məqamı xatırlamaq istəyirəm. O gün Yevtuşenko hansısa ölkədəki
sovet səfirliyində işləyən bir diplomatın arvadının ona vurulması
haqqında danışırdı: “Təsəvvür edin, bu diplomatların arvadlarını
yeddi qatına qədər yoxlayırlar, amma bu yenə də, sonrasını gözəl
başa düşə-düşə məndən ötrü ərini tullayıb getməyə hazırmış”.
Rəsul Rzanın oğlu olduğumu eşidib atamla aramızda nəsillər
ixtilafının olub-olmadığını soruşdu.
- Qətiyyən. – cavab verdim, - biz bütün məsələlərdə həmfikirik.
Bir neçə gün sonra atamla görüşəndə dedi: “Siz oğlunuzla tam
həmrəysiniz, belə şey bu zəmanədə az-az rast gəlinir”.
Sonradan bir-iki dəfə Yazıçılar İttifaqı plenumlarında görüşmüşdük.
Tiflisdə İlya Çavçavadzenin yubileyində məni Azərbaycan Yazıçılar
İttifaqının sədri seçilməyim münasibətilə təbrik edib “rəhbərlik
yükü ağırdırmı?” deyə sual vermişdi.
Qarabağ hadisələr başlayarkən Xuraman Abbasovanın qədim adətə görə
başıalovlu kütlənin ayaqları altına yaylıq atdığını Moskva
mətbuatında oxuduqdan sonra azərbaycanlı qadının bu müdrik və
mərdanə hərəkətinə şer həsr etmişdi.
Zəmanənin bütün mühüm hadisələrinə təəssübkeşliyilə Yevtuşenko
xalis “altmışıncılar”dandı. Öz “altmışıncılığı” ilə fəxr edər və
edir, bu şanlı nəslə nifrət edənlərə nifrət etdiyini deyirdi.
Böyük Vətən müharibəsi iştirakçılarından Bulat Okucavanı da
“altmışıncılar”a aid edirlər. Moskvada nəşr olunan “Oqonyok”
jurnalının suallarına cavab verən şair belə demişdi: “Gənc
“səksənincilər” “altmışıncı”lara yaman yanıqlıdırlar, amma ata-oğul
məsələsinin əbədi olduğunu unudurlar. Təbii ki, “altmışıncılar” da
o zamanın övladlarıdır. İnqilabçı olmayıblar, sadəcə dürüst insan
olaraq o şərtlərə dözə bilmirdilər. Rejimi dəyişmək fikrinə
düşməmişdilər, sadəcə daha çox təmiz hava olsun deyə onu bir az
yumşaltmaq istəyirdilər, vəssəlam. İndi də “səksənincilər”ə üzümü
tuturam. Biz bacardığımızı etdik, indi növbə sizindir. Davam
edin”.
Doğrudan da, kim nə deyirsə desin, sovet ölkəsindəki mənəvi
ab-havanı yeniləşdirməkdə, toplumun ovqatını dəyişdirməkdə, şüurunu
təmizləyib sərbəst təfəkkür tərzinə sövq etməkdə, yəni Zamanı
qabaqlamaqda “altmışıncılar”ın xidmətləri danılmazdır. Əlbəttə ki,
bu hadisələrə ən böyük təsiri Yevgeni Yevtuşenkonun yaradıcılığı
göstərib.
Bulat Okucava, Vladimir Solovyov, Andrey Voznesenski, Bella
Ahmadullina, Rimma Kazakova, Robert Rojdestvenski, Yuri Kazakov,
Vasili Aksenov, Vladimir Vısotski, İosif Brodski ötən əsrin
altmışıncı illər dövrünü şöhrətləndirdilər. Amansız zaman onların
hamısını bir-bir aramızdan apardı, yalnız Yevtuşenko o şanlı
təbəqənin son təmsilçisi olaraq durur. O, həm də “altmışıncılar”ın
sonrakı nəsillərin ayrı-ayrı nümayəndələri tərəfindən nankor
hücumlara məruz qaldıqlarının son şahidlərindəndir. İndikilərin
çoxu heç onun adını da bilmir, halbuki otuz il, qırx, əlli il
bundan əvvəl bu ad sovet ölkəsində, Avropada dillər əzbəri olub.
Ömrünün sonunu Yevgeni Yevtuşenkoya həm yad bir ölkədə, həm də yad
zəmanədə yaşamaq qismət oldu…
Anar,
xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri