Rasputin - Elçin Əlibəylinin TƏHLİLİ - FOTOLAR - VİDEO

Rasputin - Elçin Əlibəylinin TƏHLİLİ - FOTOLAR - VİDEO
12:23 2 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ümumiyyətlə tarixi əsərin ekranlaşdırılması prosesində sözsüz ki, birinci yerdə ideya gəlir. Yəni əsərin ideyası önə çıxır. Amma indi danışacağımız filmdə əsərin ideyasından daha çox baş qəhrəman öndədir. Söhbət elə bir qəhrəmandan gedir ki, onun istər yaşadığı, istərsə də indiki dövrdə, ətrafında elə bir mif yaranıb ki, nə dərəcədə real və haqqında danışdıqlarının nə qədər gerçək olduğunu bilmək olmur. Buna görə də film bütövlükdə bir nəfərin taleyinə həsr edilib. Söhbət Qriqori Rasputindən və onun gizli, müəmmalı həyatından gedir. Serialın əsas məqsədi bu müəmmanı açmaqdır. Resjissor və ssenari müəllifinin əvvəlcədən məqsədi tam aydındır. Onlar istəyirlər ki, Rasputini əzabkeş, müqəddəs qoca, günahları bağışlayan insan kimi göstərsinlər. İnsanların həyatında taleyüklü məsələləri həll edən bir fərd, eyni zamanda Rusiya imperiyasının, dövlətinin qoruyucusu kimi təqdim etsinlər. Çünki Rasputin haqqında əslində sağlığında belə bir mif yaranmışdı ki, İmperiyanı o qoruyur, məhz onun ölümündən sonra imperiya çökdü, Romanovlar ailəsi darmadağın oldu. Bu mif bu günə qədər də yaşayır. Təbii ki, İmperiyanın çökməsinə Rasputinin heç bir adidiyyatı yox idi, bu sadəcə uydurulmuş bir mif idi. Artıq İmperiyanın niyə çökdüyü bəllidir. Yəni məlum tarixi səbəbləri var. Sözsüz ki, inqilabların qarşısında dura bilməyən, bəhanə axtaran monarxistlərə bir günahkar lazım idi. Bu günahkar da təbii ki, Rasputin hesab olundu. Biz serialda bu mənzərənin şahidi olurduq.

Qriqori Yefimoviç Rasputin 1869-cu il yanvarın 10-da Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində anadan olub. Xristianlıqda bu tarix müqəddəs Qriqori gününə təsadüf etdiyindən, uşağa da Qriqori adı verirlər.

Erkən yaşından içkiyə qurşanır. Əslində, içmək o dövrkü rus kəndlisinə xas xüsusiyyət olduğundan, burada qeyri-adi nəsə axtarmaq da mənasızdı. Ancaq özünün “Həyatım” adlı xatirələr toplusunda yazdığı kimi, onun fərqi bütün bunlara baxmayaraq, həmişə axtarışda olmağında və bəşər övladının xilas yolu barədə düşüncələrə dalmağında idi. Sonradan ona vəhy gəlir və sərgərdan həyatı başlayır. Bu yol onu saraya gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, serialın fabulası çox uğurlu tapılıb. Xronologiya sual doğurmur. Filmdə tarixi real şəxslər iştirak edir və fabulanın - baş qəhrəmanın bütün həyatını çözən isə uydurulmuş bir qəhrəmandır. Bu, 1917-ci ildə Qriqori Rasputinin ölümü ilə bağlı cinayət işi qaldıran müstəntiqdir. Çox maraqlıdır ki, o, məhz inqilabdan sonra istintaqa başlayır və araşdırma dövründə yaşayan insanların çoxlarından birbaşa ifadələr alır. Bu ifadələr əsasında biz gözlərimiz önündə Rasputinin şəxsiyyəti, yaşayış tərzi, kimliyi haqqında mənəzərəni canlandıra bilirik. Andrey Malyukovun çoxseriyalı “Qriqori R.” Filmi əslində Romanovlar sülaləsinin sonuncu nümayəndəsinin dostunun həyatına həsr olunub və çox bir xəttli serial hesab oluna bilər. Xüsusilə qeyd etmək lazımdır ki, seriala çox ciddi sərmayə qoyulub. Dəbdəbəli geyimlər, saraylar, bu mənada göz oxşayan mənzərələr həqiqətən serialı rəngarəng edir. Andrey Malyukov kinematoqrafiyada təzə adam deyil, onun çəkdiyi bir çox uğurlu filmlər olub. Bunlar həm kinomotoqrafiyada, həm də televiziya formatında uğurlu işlərdir. “Xüsusi diqqət mərkəzində” “34-cü təcili”, “Biz gələcəkdənik”, seriallar arasında “Xüsusi dəstə”, “Diversant”, “Darvazalar”, “Kuprin”, “İmperiyanın ölümü” və s. ekran işlərini nümunə göstərmək olar. “Kuprin” serialı ümumiyyətlə olduqca maraqlı və böyük layihə kimi dəyərləndirilməlidir.

Çox maraqlıdır ki, quruluşçu rejissor serialda müharibə mövzusunu ikinci dərəcəyə atır, daha çox Rasputinin şəxsi həyatını çözməyə başlayır və sanki onu reabilitasiya etməyə çalışır, sudan quru çıxarmaq istəyir. Burada ən böyük uğursuzluq təbii ki, baş rolun ifaçısı Vladimir Maşkova aiddir. Görkəmli aktyor Vladimir Maşkovun filmləri haqqında danışmışdıq. İstər “Ləğv”, istər “Oğru”, istrəsə də digər filmlərdə olduqca parlaq ifaları ilə yadda qalan Valadimir Maşkov bu layihədə fiaskoya uğradı desək, yanılmarıq. Günah kimdədir? Bunu demək çətindir. Baxmayaraq ki, Maşkov çoxplanlı aktyordur, amma o, bu planda açılmadı. Hətta saqqalı belə onu xilas edə bilmədi. Onun baxışlarında belə Rasputini görə bilmədik. Baxışlarında daha çox onun digər filmlərində olan ifadələr var, yəni biz ikibaşlı oyun oynayan, cadu baxışı görmürük. Mərd adam baxışı görürük və hesab edirəm ki, bu, Rasputin obrazı üçün yararsızdır.

Ümumiyyətlə Rasputin serialının bütün əhvalı belədir: Qan axdısa, Rasputin mütləq onu saxlayacaq, mütləq o, nə isə dualar edəcək, ağrılar keçəcək. İçki səhnəsi nümunələri, eyni zamanda onun bir-birinə oxşar, təkrarlanan qadınlarının açıq-saçıq səhnələri serialın uğursuzluğuna gətirib çıxarır və bu serial əslində Rasputini xilas etmək əvəzinə onu daha da biabır elədi, uğursuzlaşdırdı.

Maraqlıdır, bəzi fəndlər var ki, rejissor onu bir neçə dəfə istifadə edir. Hiss olunur ki, burada rejissor müəyyən mənada dalana dirənib və az qalır ki, elə söyüşlə vəziyyətdən çıxsın. Effekt baxımından demək lazımdır ki, müstəntiq Andrey Smolyakov rolunun öhdəsindən gəlir. Müxtəlif dövrləri əhatə edən insanları dindirməklə o dövrü canlandıra bilir və yenidən 17-ci ilə qayıdılır. Bu keçidlər çox maraqlı taplıb. Qeyd etmək lazımdır ki, montaj və rəssam işi bu mənada çox uğurludur. Ümumilikdə götürdükdə biz serial haqqında müsbət bir fikir ifadə edə bilmirik. Çünki uğursuzluq göz önünüdədir. Bunun da səbəbkarlarından biri aktyorlardır. Təbii ki, filmin finalı -Rasputinin ölümü hissəsi olduqca maraqlı çəkilib. Bununla bağlı çoxlu versiyalar var. Əsas qatillərdən biri Yusupovun xatirələri var. Serialda elə əvvəldən bəllidir ki, biz cinayətkarın kim olduğunu bilə bilməyəcəyik. Serial ona doğru gedir. Əslində serialda göstərilir ki, kimlər güllələri atır, kimlər öldürməyə cəhd edirlər. Və ölüm səhnəsi çox uzun bir vaxt aparır, bir neçə dəfə Rasputini öldürməyə cəhd edirlər, alınmır. Ümumiyyətlə bu səhnə kifayət qədər uzun davam edir. Çünki şahidlərin ifsdələri üst-üstə düşmür.

Bəziləri düşünürdülər ki, Rasputin sağ qalsaydı, Rusiya tax-tacı xilas ola bilərdi. Ona Rusiyanın xilaskarı kimi baxırdılar. Amma sonrakı tarixi faktlar başqa şeyləri sübut edirdi. Məlum oldu ki, əslində Rasputin rus tax-tacına təsir edib, ona fitva verərək mənfi istiqamətə yönəldirdi. Saraya təsir edirdi. Yusupovun və İmperiyanı qorumaq istəyən bir neçə zabitin bu qərara gəlməsinin də tarixi əsası var. Müstəntiq sonda heç bir nəticəyə gələ bilmir. Onun ölümü ilə bağlı məsələ açıq qalır və bu gün də tarixdə açıq qaldığı bəlli olur. Serialın sonundakı səhnə də versiyalardan biri kimi canlanır.

Ümumiyyətlə Rasputin mövzusuna kinematoqrafiyada bir neçə dəfə müraciət olunub. Bundan öncə fransız aktyor Jerar Departyenin də ifasında Rasputin filmi çəkilmişdi, o da uğursuz alınmışdı. Bütün bunların səbəbi odur ki, bütün hallarda müəlliflər çalışırlar ki, Rasputini müsbət qəhrəman kimi canlandırsınlar. Amma mənfi, əyyaş, əxlaqsız həyat tərzi sürən, eyni zamanda caduyla məşğul olan bir personajdır və onu müsbət qəhrəmana çevrimək cəhdi özü artıq uğursuzdur. Hətta filmin özündə də müstəntiq başa düşür ki, Rasputinin özü cinayətkardır, cinayətlər törədir, insanların etibarından istifadə edib saxtakarlıqlar edir. Bütün bunlar ola-ola onu müsbət qəhrəman kimi vermək cəhdinin özü uğursuzdur.

Amma bütün bunlarla bərabər, ekran işində zəhmət çəkilib. Hesab edirəm ki, baxmağa dəyər. Rasputinin həyatı Rusiya imreriyasının çöküş dövrünü əhatə etdiyi üçün tarixi baxımdan, tarixin öyrənilməsi baxımından maraqlıdır. Biz Rusiya imperiyasının son illərini, İmperator ailəsini, Nikolayın ailəsini, Onların iztirablarını, yaşantılarını, eyni zamanda I Dünya müharibəsinin başlanmasını görürük. Bu baxımdan hesab edirəm ki, filmi faydalı bir ekran işi kimi qeyd etmək olar. Amma heç bir halda pis adamı yaxşı adam kimi təqdim etmək olmaz, cənablar! Pisi heç vaxt şişirtməyin. Bu xüsusən də incəsənət adamlarına, rejissor və ssenari müəlliflərinə aiddir. Onların ən böyük uğursuzluğu onda idi ki, məhz bu cəhdi elədilər. Bütün hallarda filmin baxılmasına ehtiyac var, baxıb öz rəyinizi də formalaşdırmalısınız. Hər halda filmin ərsəyə gəlməsində əziyyət çəkilib, göz oxşayan mənzərələr var və ən əsası müzakirə üçün mövzu var. Qeyd edək ki, bu böyük mərhum ssenarisrst Volodarskinin sonuncu ekran işidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/193443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR