Avtomobillərin icbari və kasko sığortası niyə qarışıq salınır?

Avtomobillərin icbari və kasko sığortası niyə qarışıq salınır?
20:12 2 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bəzi hallarda insanların avtomobil sığortasından məlumatsızlığı problemlərə yol açır. Maşınını yalnız icbari qaydada sığortalamış vətəndaş sığorta şirkətindən kasko sığortası üzrə ödəniş istəyir. Bu isə təbii ki, mümkün deyil. Çünki avtomobilin icbari sığortası yalnız qarşı tərəfə dəyən ziyanı qarşılayır. Sürücü öz avtomobilinə dəyən ziyanın sığorta şirkəti tərəfindən ödənilməsini istəyirsə, bu zaman kasko sığortası almalıdır. Bəs əhali niyə bu iki növ sığortanı qarışıqı salır?

"200-ə yaxın yanlış müraciət almışıq"

Milli.Az fins.az-a istinadən bildirir ki, sığorta mütəxəssisi İlkin İbrahimovun dediyinə görə, adətən təbii fəlakətlər nəticəsində kütləvi surətdə avtomobillərə ziyan dəydiyi zaman sığorta şirkətlərinə belə müraciətlər daxil olur. Bu isə hadisə zamanı insanların təşvişə düşməsi nəticəsində baş verir. Çünki ilk yada düşən sığorta olur. Avtomobil sahibləri sığorta haqqında kifayət qədər məlumatlı olmadığından icbari sığorta ilə avtomobilinin təmir ediləcəyini düşünür.
Onun sözlərinə görə, ilin əvvəlindən indiyə kimi işlədiyi sığorta şirkətinə 200-ə yaxın belə müraciət daxil olub. Yanlış sığorta müraciətlərini adətən 35-50 yaşları arasında avtomobil sahibləri edir.

"Opel" və "Mercedes" sürücüləri daha çox səhv edir

Sığortaya dair yanlış müraciətlər əsasən qiyməti 10 min manata kimi olan avtomobillərlə bağlı olur. İ. İbrahimovun sözlərinə görə, köhnə "Opel" və "Mercedes" avtomobillərini sürənlər xüsusulə çox səhv edirlər. Avtomobillərə maksimum 2-3 min manat ziyan dəyir. "Məsələn, dekabr ayının 4-də hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində xeyli avtomobilə ziyan dəymişdi. Güclü külək ağacları avtomobillərin üzərinə aşırmışdı. Bizə müraciət edən icbari sığortalı "Opel" avtomobilinin sürücüsü ödəniş verilməsini tələb edirdi. Tikinti gedən binadan tökülən taxtalar maşənı əzmişdi. Amma müraciətdən imtina edildi və  sürücüyə avtomobilinin kasko sığortasının olmadığı izah edildi".
İ.İbrahimov  bildirib ki, yalnış müraciət edən sürücülər sığorta ödənişi ala bilməyəcəyini görüb aqressiv olurlar. Hətta bəzi hallarda qarğış edənlər də olur.

"Bahalı  avtomobillərlə bağlı belə problemlə qarşılaşmırıq"

Köhnə avtomobillərdən fərqli olaraq qiyməti 10 min manatdan yüksək olan yeni maşınlarla bağlı belə bir problem yaşanmır. İ. İbrahimov bildirib ki, yeni avtomobillər əsasən kreditlə alındığı üçün kasko sığortalanır. Ona görə, avtomobilə ziyan dəyən zaman sığorta ödənişi verilir.

"Qəza komissarları maksimum səbr etməlidir"

Avtomobil sığortası ilə bağlı yaranan anlaşılmazlıq zamanı qəza komissarlarının üzərinə böyük yük düşür. Yəni, istənilən halda müştəri ilə xoş rəftar edilməlidir. Bəzən səhvlərini başa düşən sürücülər narazılıq etdiyi sığorta şirkətinə zəng edərək üzrxahlıq da edir. Onların arasında kasko sığortası alanlar da olur. İlkin İbrahimovun sözlərinə görə, adətən 10 sürücüdən 4-ü sonradan səhvini başa düşür. Bu zəmində indiyə qədər şirkətdən kasko sığortası alanların sayı isə 10 olub.

"DYP kasko sığortanı da tələb etsin"

Bəzi sürücülər isə təklif edirlər ki, avtomobilin icbari sığortasının yol polisi tərəfindən tələb edilməsi qaydası kasko sığortasına da tətbiq edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/531343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR