Sosial müavinətlər niyə gecikir?

Bu ilin dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 41,1% olmaqla (əvvəlki illə müqayisədə 6,6 faiz çox), 6816,5 mln. manat vəsait proqnozlaşdırılıb. Bu da 2016-cı illə müqayisədə 422,9 mln. manat və ya 6,6% çoxdur.

Son illərdə aparılan islahatlar nəticəsində dövlət sosial təminat sistemi tam elektron əsaslar üzərində formalaşıb. Hər hansı sosial yardımın təyinatında məmur-vətəndaş ünsiyyəti, yardımların təyinatında insan müdaxiləsi aradan qalxıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılaraq 2016-cı ilin 15 fevralından etibarən istifadəyə verilib.

Sosial yardımın alınması və müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesi VEMTAS vasitəsilə (tam avtomatlaşdırılmış rejimdə) həyata keçirilir.

Vətəndaşlar təmsil etdikləri ailənin sosial yardım almaq hüququna baxılması üçün internet bağlantısı olan istənilən nöqtədən nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə “Ərizə-bəyannamə” ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Bu zaman yalnız bir sənədlə-ailəni təmsil etmələri haqda notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət olunur.

Son günlər sosial müavinətlərin gecikdirilməsi ilə bağlı bəzi söz-söhbət gəzir.

Vətəndaş Oktay Süleymanov Metbuat.az-a müraciət edərək, son 2 ayın sosial müavinəti ilə bağlı problem yaşadığını bildirib:

“Düzdür, mən sizə müraciət edəndə son 2 ayın müavinəti verilməmişdi. Lakin martın 29-da telefonuma sosial müavinətin hesabıma köçürülməsi haqda mesaj gəldi. Elə həmin gün banka gedərək fevral ayının pulunu çıxardım. Son ayın müavinətinin isə aprel ayı ərzində veriləcəyi deyilir”.

Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bunları deyib:

“Əvvəlcə müraciət edən vətəndaşın ad və soyadına uyğun şəkildə sistemdə axtarış aparılmalıdır. Bu yolla vətəndaşa sosial müavinətin verilməsində yaşanan hər hansı gecikmənin səbəbləri araşdırılır. Ümumilikdə isə sistemdə sosial müavinətlərin verilməsi ilə bağlı heç bir problem yoxdur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR