Son 3 ildə 10 tondan artıq at əti aşkarlanıb - Azərbaycanda

Son 3 ildə 10 tondan artıq at əti aşkarlanıb - Azərbaycanda
13:54 3 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

 

“Ölkə ərazisində insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə baytarlıq nəzarəti həyata keçirilir və aparılan araşdırmalar zamanı külli miqdarda at əti aşkarlanıb”.

 

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a açıqlamasında deyib.

 

Son 3 ilin statistik rəqəmlərinə toxunan Y.Xanvəli deyib ki, DBNX tərəfindən 2015-ci ildə ümumilikdə 60 tona yaxın mənşəyi bəlli olmayan heyvan mənşəli ət və süd məhsulları aşkarlanıb: “ Bu ətin 3 tondan artığı at əti olub. 2016-cı il ərzində 70 ton mənşəyi məlum olmayan heyvan mənşəli məhsul aşkarlanıb ki, onların baytarlıq laboratoriyası tərəfindən aparılan müayinələr zamanı  baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmin ətlərin 5,3 tonu at əti olub. 2017-ci ilin 3 ayı ərzində isə 5-6 ton,  bəlkə də bir az da artıq mənşəyi məlum olmayan, sağlamlıq keyfiyyətini göstərən heç bir sənədi olmayan ət aşkar edilib. Onun da 2 tondan artığı at əti olub. Və bu məhsullar da müvafiq qaydada baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilib”.

 

Y.Xanvəli qeyd edib ki, insan sağlamlığına birbaşa təhlükə törədən halların qarşısını almaq məqsədilə aparılan nəzarət tədbirləri zamanı son illər uzunqulaq ətinə rast gəlinməyib: “Son üç il ərzində ölkədə olan 117 Baytarlıq-Sanitariya Ekspertiza Laboratoriyasında  və Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı uzunqulaq atına təsadüf olunmayıb. Bizim nəzarət etdiyimiz obyektlərdə belə bir hal qeydə alınmayıb”.

 

Qurum təmsilçisi bildirib ki,  bu cür ətlər əsasən Ağcabədi, Bərdə, Xaçmaz, Cəlilabad, İmişli, Kürdəmir, Salyan və.s bir sıra rayonlardan gətirilir: “ DBNX xətti ilə baytarlıq qanunvericiliyini pozduğuna görə həmin fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cəzalandırılır. Onlar  200 manatdan 300 manatadək cərimə olunurlar. Hüquq-mühafizə orqanlarına müraciət etmişik ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu kəsim məntəqələri ilə bağlı mütəmadi araşdırma aparıb bizə məlumat versinlər”.  

 

Son vaxtlar at və eşşək əti kəsim hallarının çox aşkarlandığını bildirən Y.Xanvəli qeyd edib ki, əvvəllər də belə hallar var idi, amma son illər ərzində aparılan tədbirlər sayəsində bu hallar daha çox üzə çıxır: “ Aparılan xüsusi işlərin nəticəsi olaraq qeyri-qanuni fəaliyyət göstərən adamlar, eləcə də xəlvəti kəsim yerlərində mənşəyi bəlli olmayan ətlər daha çox aşkarlanıb. Kəsim yerləri haqqında vətəndaşlardan və qurumlardan məlumat daxil olur. DİN və və digər hüquq-mühafizə orqanı əməkdaşlarının apardığı tədbirlər sayəsində bu hallar aşkarlanır və buna qarşı aidiyyatı qurumlarla bizim mübarizəmiz davam etdirilir”.

 

Y.Xanvəli qeyd edib ki, at və eşşək ətinin insan orqanizminə ziyanı yoxdur: “ Amma at və uzunqulaq ətində olan manqo xəstəliyi onun ətindən istifadə edən insanlara yoluxa bilər. Bu xəstəliyə daha çox at ətində rast gəlinir. At bu xəstəliyə qarşı yoxlanılandan sonra kəsiminə icazə verilə bilər.  At sağlamdırsa, heç bir narahatçılığı yoxdur. İndi əsas ciddi problem at ətinin inək, camış adı altında insanlara satılmasıdır və bu, yolverilməzdir. Buna qarşı ciddi mübarizə aparırıq”.

 

Qurum rəsmisi əhaliyə və KİV nümayəndələrinə çağırış edərək deyib ki, belə hallarla rastlaşsalar, müvafiq orqanlara müraciət etsinlər: “Mətbuat nümayəndələrindən və əhalidən xahiş olunur ki, kimlərdəsə belə xoşagəlməz hallarla bağlı məlumat olarsa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinə, eləcə də yerli hüquq-mühafizə orqanlarına, Kənd Təsərrüfatı Nazirliyinə məlumat versin. Bunlar hər birimizin sağlamlığına zərər gətirən hallardır. Hər birimiz bu qeyri-insanı hərəkətlərə qarşı birgə mübarizə aparmaqla qarşısını ala bilərik”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR