İnfarkt olacağınızı əvvəlcədən bilmək mümkündür?

Dünyada erkən ölüm səbəblərindən biri də infarktdır. Həyat tərzi, yediyimiz qeyri-sağlam qidalar və s. infarkt olma riskini artırır. Bəs infarkt olacağınızı əvvəlcədən bilmək mümkündür?

İnfarkt keçirmiş bir çox insan sonradan etiraf edir ki, bu duruma düşməzdən bir neçə gün və hətta 1-2 həftə əvvəl onlar yaxınlaşan infarktın bəzi simptomlarını hiss edir.

Məsələ ilə bağlı mütəxəssis həkim-kardioloq Üzeyir Rəhimov Metbuat.az-a açıqlamasında deyib: “İnfarkt olacağını əvvəlcədən göstərəcək tam bir əlamət yoxdur, ancaq ürək-damar problemi, damarın tıxanmağı, infarktın ağrısına oxşar ağrı adətən, infarktdan əvvəl meydana gəlir. Bu xəstələr əvvəlki kimi yol gedə bilmir, onlarda döş sümüyünün arxasında mədə nahiyəsindən başlayıb boğaza qədər yayılan hissədə göynədici, sıxıcı, basdırıcı ağrılar olur. Arxa divarın infarktı zamanı mədə nahiyəsində ağrılar ola bilər, bəzən alt çənədə, nadirən qollarda və çiyinlərdə də ağrı olur. Bu ağrılar infarktın əlaməti sayıla bilər”.

Həkimin sözlərinə görə, infarktdan 24-48 saat əvvəl oturan yerdə insanda ağrılar başlayır. Həmin ağrılar insanı tərlədir və ürək ağrısı olan xəstələrdə ölüm qorxusu yarana bilər. Bu kimi hallarda həkimə müraciət edilsə, kardioqramada bir şey olmasa da, daha dərin yoxlamalar zamanı infarkt olacağını əvvəlcədən müəyyən etmək olar.

İnfarkt zamanı ilk tibbi yardım necə olmalıdır?

İnfarkt olan insana ilk tibbi yardım göstərərkən oksigen vermək, aspirin çeynətmək lazımdır. Ancaq ən önəmlisi təcilli tibbi yardım çağırmaqdır.

Həkim əlavə edib ki, infarkt olan insanı “tərpətmək, daşımaq olmaz” fikirləri isə tamamilə səhvdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR