"130 min etnik azərbaycanlı ticari əlaqələrimiz üçün yaxşı körpüdür"

İlk növbədə, Sizin ölkənizə çoxdan gözlənilən bu səfərə dəvət üçün dərin təşəkkürümü bildirmək istərdim. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.

Metbuat.az-ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

N.Nazarbayev bildirib ki, biz həqiqətən bütün məsələləri müzakirə etdik:

"İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir. Digər məsələlərə - həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var.

Qazaxıstan Prezidenti deyib:

"Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik. Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR