Azərbaycanda neçə nəfər QİÇS-ə yoluxub?

Qazanılmış immunitet sisteminin çatışmazlığı sindromu (QİÇS, AİDS) –İİV (insanda immun çatışmazlığı virusu) infeksiyası fonunda inkişaf edən və CD+limfositlərinin azalması ilə xarakterizə olunan, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir.

Güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlayıb və yeni virus yerli əhaliyə meymunlardan keçib. Afrikadan isə Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb.

QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyərək, ölümlə də nəticələnə bilir.

İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə bilər. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir.

Xəstəlik cinsi , damardaxili inyeksiyalar yolu ilə (narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı), içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı, virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı ötürülə bilər.

QİÇS-ə qadınlara nisbətən kişilərdə 15-20 dəfə çox rast gəlinir. 20-25 faiz çoxluqla homoseksuallar ikinci yeri tutur.

QİÇS-li xəstələrdə, eləcə də virus daşıyıcılarında viruslar ən çox qan, sperma və beyindaxili likvorda olur. Təxminən 6 faiz hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilmir.

HİV daşıyıcısı olan və müalicə olunmayan anaların təxminən 30 faizi virusu körpələrinə keçirir. Bunun nəticəsidir ki, dünyada təxminən 2,5 milyon uşaq HİV daşıyıcısıdır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Azərbaycandakı vəziyyətdən danışıb.

“Hazırda 5376 nəfər qeydiyyatdadır. Onların 72,2 faizi kişi, 27,9 faizi qadınlardır. Bu insanlardan QİÇS mərhələsində olanların sayı 1312 nəfərdir. Dünyasını dəyişənlər isə 800-900 nəfər təşkil edir. Virusa yoluxanlar arasında narkotik istifadəçiləri çoxluq təşkil edir (48,7%). İkinci yerdə isə cinsi yolla yoluxma gəlir. Anadan uşağa yoluxma halları 1,8-1,9 faiz arasında dəyişir. 2803 nəfər hal-hazırda dərmanlar qəbul edir. Onlardan bəzisi müəyyən irəliləyiş gördükdən sonra dərman qəbulunu dayandırır. Bu isə mənfi nəticələrə gətirib çıxara bilər. İnsanlar dərmanları mərkəzdən vaxtında gəlib götürsə, fəsadların qarşısı alına bilər. Dərman qəbuluna laqeyd yanaşmaq olmaz. QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Gəncə, Şəki, Lənkəran, Quba və digər şəhərlərdə virusa yoluxanlar arasında mütəmadi stasionar xidmətlər aparılır. Mərkəz virusla mübarizə üsullarını Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına əsasən aparır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR