"Aprel döyüşləri Azərbaycanın status-kvonu dəyişmək qüdrətini nümayiş etdirdi"

"Aprel döyüşləri Azərbaycanın status-kvonu dəyişmək qüdrətini nümayiş etdirdi"
10:22 4 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Həmsədr ölkələrin prezidentləri dəfələrlə status-kvonun qorunub saxlanılmasının qəbuledilməz olduğunu desələr də, əməldə bunu nümayiş etdirmirlər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev aprel döyüşlərini ATƏT-in Minsk qrupunun həmsədrliyini həyata keçirən ölkələrə mesaj kimi dəyərləndirib. Millət vəkili bildirib ki, həmin vaxt cəbhədə baş verənlər Azərbaycan ordusunun texniki baxımdan düşmən ordusundan dəfələrlə yüksək hazırlığa malik olduğunu göstərdi. Onun sözlərinə görə, aprel döyüşləri ilə Azərbaycan təkcə işğalçı ölkəyə deyil, eyni zamanda onun havadarlarına da sübut etdi ki, istənilən status-kvonu dəyişmək qüdrətindədir. Sadəcə olaraq, Azərbaycan müharibə istəmir.

S.Alıyev bildirib ki, aprel hadisələri Azərbaycanın geosiyasi gücünü ortaya qoydu: "Ermənistan gözləyirdi ki, havadarları onlara dəstək verəcək və hətta qoşun yeridəcək, amma bu baş vermədi. Ermənistan əmin idi ki, beynəlxalq qurumlar Azərbaycanı tənqid edən bəyanatlar yayacaqlar, bu da olmadı".

Döyüşlərin ən qızğın çağında Tərtərdə cəbhə bölgəsində olduğunu xatırladan S.Alıyev qeyd edib ki, həmin vaxt Azərbaycanda əlavə hərbi qüvvəyə ehtiyac olmamasına baxmayaraq, çoxlu sayda vətəndaş könüllü olaraq vuruşmaq istəyirdi: "Ermənistanda polis cəbhədən qaçanların qarşısını kəsirdi. Azərbaycanda isə əksinə cəbhəyə axışanların qarşısı alınırdı. Həmin döyüşlər zamanı cəbhə bölgəsində yaşayan insanlar öz evlərini tərk etmədilər. Ancaq Ermənistanda cəbhədən hətta 10 kilometrlərlə uzaqda olanlar da evlərini qoyub qaçdılar, yaşayış məskənləri bomboş qaldı. Döyüşlər vaxtı bu reallıq ortaya çıxdı. Bu, Azərbaycan xalqının öz dövlətinə, ordusuna olan sevgisini, inamını göstərir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR