Ərəb şeyxlərini heyran qoyan azərbaycanlı dizayner: "Onlar mənə qadınlara toxunmağa..." - FOTOLAR

Ərəb şeyxlərini heyran qoyan azərbaycanlı dizayner: "Onlar mənə qadınlara toxunmağa..." - FOTOLAR
12:48 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

“Afffair” brendinin yaradıcısı Rüfət İsmayılov zövqünü dəbə çevirib trendləri diktə edən nadir dizaynerlərdəndədir. O, dəb dünyasında özünü bir dizayner kimi yeni-yeni sınamağa başlasa da, qısa müddətdə öz imzasını dünyada tanıda bilib. Xüsusi ilə kişilər üçün hazırladığı pencəklərin şan-şöhrəti hər bir modapərsətə məlumdur. Dizaynerin işlərinə zəngin ərəb şexyləri də biganə qala bilmir.

Azərbaycanlı qızla evlənməyə hazırlaşan şeyxdən sifariş alan və bunun üçün vətininə bir neçə günlük qonaq gələn Rüfət İsmayılov Publika.az-a yaradıcılıq eşqi və işlərindən danışıb.

- Xoş gördük, necə deyərlər həmişə vətəndə!

- Çox sağ olun.

- Çoxdandır ki, Azərbaycana gəlmirsiniz. Gəlişinizin səbəbi işgüzar məqsəd daşıyır, yoxsa sadəcə yaxınlarınızı və doğmalarınızı görmək üçün gəlmisiniz?

- İşgüzar məqsədlə gəlmişəm. Bir ərəb şeyxi azərbaycanla xanımla evlənməyə hazırlaşır. Mənə zəng edib onların həm toy təşkilatçılığı ilə məşğul olmağı, həm gəlin, həm də bəy üçün paltar hazırlamağı təklif etdilər. Təklifi qəbul etdim və bunun üçün gəldim.

- Həm bəy üçün kostyum, həm gəlin üçün gəlinlik hazırlayacaqsınız?

- Bəli, hətta gəlinin bacıları və anası üçün də xüsusi sifarişlər almışam.

- Şeyxə ərə gedən o bəxtəvər xanımın kimliyini bilmək olar?

- Bunu açıqlaya bilmərəm, etik olmaz.

- Məşhur xanımdır?

- Yox, şou aləminə aid olan bir xanım deyil.

Qətər kraliçası üçün 3 gəlinlik hazırlamışdım

- Ərəblərlə işləmək çətin deyil ki? Kaprizli olurlar?

- Ərəblərdən çoxlu sifarişlər almağa başlamışam. Məsələn, bir neçə il əvvəl Qətər kraliçası üçün 3 gəlinlik hazırlamışdım, biri seçildi. Vaxt baxımdan çox dəqiqdirlər. İstədikləri modellərin 1 ay ərzində hazırlanmasını tələb edirlər. Modellər də sadə deyil, svarovski daşlarla, qızıl iplərlər işlənmiş çox təmtəraqlı fasonlar istəyirlər. Ümumiyyətlə, qeyri-adi görünməyi, fərqlənməyi çox sevirlər.

Qadına toxunmağa icazə vermirlər

- Sizə müraciət etmələrinin səbəbi nədir?

- “Chanel”, “Tom Ford”, “Versace” və s. kimi moda evlərindən artıq bezaiblər. Yeni dizayner axtarışındadılar. Amma bir problem var ki, qadına toxuna, ölçülərini götürə bilmirəm, şeyxlər icazə vermir. Bunu qadın köməkçim yerinə yetirir. Köməkçimin də ölçülərini necə götürdüyünü bilmirəm, xanımın vücuduna öz barmaqlarımla toxunub onu hiss etmədiyim üçün bu, mənə bir qədər çətinlik yaradır. Amma artıq alışmışam, nə edək ərəb qanunları belədir.

Gəlin öz toy günündə zərif görünməlidir

- Bir dizayner kimi ərəblərin daş-qaşa, dəbdəbəyə olan məhəbbəti sizi sıxmır ki? Çünki izlədiyim qədəri ilə kolleksiyalarınız kifayət qədər zərif və romantik olur.

- Lazım olduğundan artıq təmtəqarğı heç sevmirəm, bütün bunlar ancaq göstəriş naminə edilir. Bir növ “Baxın mənim pulum var”, “Mən paltarım bahalı daş-qaşdandır” kimi mesaj ötürmək məqsədi daşıyır. Dəfilələrimdə Günay Musayeva, Tülin Şahin podiuma gəlin obrazlarında çıxıblar. Hər ikisinin paltarı olduqca sadə, özünəməxsus və incə tərzdə idi. Hesab edirəm ki, gəlin öz toy günündə zərif görünməlidir. Gəlinin seksuallığını çox qabartmağa gərək yoxdur. Mən sadəcə məsləhət verə bilərəm, son seçim isə sonda yenə sifarişçinin özünə aiddir.

- Gəlinliklərdən söz düşmüşkən, bu il toya hazırlaşan xanımlara nə məsələhət görərdiniz?

- Kök xanımlar çox qabarıq ətəkləri geyinməli deyil. Ümumilikdə, bu il sadə fasonlar daha aktualdır.

Dəbə kor-koranə əməl etmək olmaz

- Nələri qarderobdan çıxarmalı və hansı rənglərlə vidalaşmalıyıq?

- Neon adlandırdığımız parlaq rənglər və dizdən aşağı hissəsi enli olan şalvarlar əvvəlki aktuallığını itirib, onlarla artıq vidalaşmağın zamanıdır. Bəzən dəbdə olan hər hansı geyimi də moda (dəbdən düşən) şəklinə gətirirlər. Dəbə kor-koranə əməl edib trendlərin təsirinə düşmək olmaz, rənglər və detallar arasında harmoniya yaratmalısan, öz stilini cızmalısan.

- Müasir qadınlar dizaynerlərdən nə istəyirlər?

- Bədən quruluşunda olan qüsurları, artıq çəkini gizlətməyi istəyirlər. Amma mən kök xanımların çiyinlərini açıq saxlamağın tərəfdarıyam. Əsas diqqəti onların çiyninə fokuslayıram. Dolayısı ilə bütün diqqət ya çiyinlərə, ya da kolye taxıbsa, həmin zinət əşyasına yönəlir. Bunları dəb hiylələri adlandırmaq olar.

Normal çəkidə olan xanımlar seksuallığını vurğulamağa çalışır, lakin vulqar olmamaq şərti ilə. Bu ölçünü bilmək əslində, dizaynerin peşəkarlığından xəbər verir.

Seksual geyimlər dünyada hər zaman ən çox satılır

- Bu gün dizaynerlərin bir qrupu qadının qapalı geyimlə də gözəl göründüyünü sübut etməyə çalışır, digər bir qrupu isə maksimum dərəcədə soyundurmağa çalışır. Məsələn, Beyons, Cennifer Lopez və s. məşhurlar qırmızı xalıya trasparan libasda çıxır. Aydın məsələdir ki, bu da kütləvi dəbə təsirsiz ötüşmür. Sizi hansı qrupa aid etmək olar?

- Əlbəttə ki, ötülü geyimlə də zövqlü olmaq olar. Lakin sizin dediyiniz Cenniferlə, Beyonslar dünya ulduzudur və onların geyindiyi hər paltar müzakirə olunur. Seksual geyimlər dünyada hər zaman daha çox diqqət cəlb edir və satılır. Məsələn, açıq-saçıq geyinən xanım haqqında iki gün, örtülü geyinən haqqında isə çox az danışılır. Demək istədiyim odur ki, təəssüflər olsun bu gün seksuallıq, açıqlıq, əksər hallarda vulqarlıq daha çox satılır və daha çox pul gətirir. Bu səbəbdən də kliplərdə çılpaq qızlar çəkilir, daha çox erotik səhnələrə yol verilir. Nəticə etibarı ilə reytinq məqsədi daşıyır.

Vulqar görünən qadınları bəyənmirəm

- Bir dizayner kimi bu, sizi narahat edir?

- Yox, niyə də etsin. Xanımlar üçün mən də açıq-saçıq libaslar hazırlayıram, lakin heç bir halda vulqarlığa yol vermirəm. Maksimum çiyin, kürək dekoltesi istifadə edirəm. Cenniferin Lopez isə qırmızı xalçaya yanları görünən paltarda çıxır. Vulqar görünən qadınları bəyənmirəm, açıq geyinsə də, estetik olması önəmlidir.

- Dəbin başlıca funksiyası insanı geyindirmək və gözəl göstərməkdir. Bəzi dizaynerlər isə kolleksiyaların yaradılmasında insanları təəccübdirməyi əsas götürərək bu funksiyanı dəyişiblər. Dəfilələrdə avanqard və rahat olmayan geyimlər təqdim edirlər.

- Türkiyədə ən çox yenilik edən dizayner mənəm. Məsələn, bir dəfiləm baletlə başladı, son dəfiləmdə Sinan Akcıl podiumda pianino çalırdı. Mən bu tərzdə şou yaratmağa və seçilməyə üstünlük verirəm. Bu, türk kanallarında çox müzakirə olunmuşdu. Bəzi verilişlərdə “Öz kolleksiyasına güvənmədiyi üçün Sinanı dəvət edib?”, - deyə müzakirələr çıxdı. Halbuki, “Vistorias Secret” brendi illərdir ki, kolleksiyalarını şou şəklində nümayiş etdirir, podiuma hər dəfə bir müğənni çıxır.

Avanqardı üslubu isə sevmirəm, mənim tərzimlə uyğun deyil, onu harasa geyinə bilmirsən. İlk növbədə müştərilərimin istək və təlabatlarını nəzərə alıram. Müştələrim avanqardı sevmir, onlar 100 insandan seçilməyi, hər kəsin ona baxıb heyran olmasını, bununla belə zərif görünməyi sevən xanımlardır.

Çimərlikdə azərbaycanlı qızları görəndə şoka düşmüşdüm

- Gözəllik qurban tələb edir. Bu gözəlliyin naminə qurban verməyə, narahat paltarlar geyinməyə dəyər?

- Dəyər. Dikdaban ayaqqabı geyinən xanım görəndə istər-istəməz valeh olursan, ayaqları çox gözəl göstərir. Rahatdırmı? Əlbəttə ki, yox.

Daha Azərbaycandakı kimi çimərliyə də dikdaban ayaqqabıda və makiyajda getmək lazım deyil. Bir neçə əvvəl çimərliyə getmişdim, azərbaycanlı qızların makiyajnı və dikdabanlarını görəndə şoka düşmüşdüm. Çimərliyə hər kəs dikdabanda gəlmişdi...

- Kişilər qadını ilk dəfə gördüyü zaman zahiri görkəminə görə qiymətləndirir. Bəs qadınlar kişilərdə nəyə diqqət etməlidir?

- Səliqə və təmizliyinə. Sizə bir sirr açım, qadınlar yalnız qadınlar üçün, kişilər də kişilər üçün geyinir. Çünki heç bir bəy xanıma yaxınlaşıb əynindəki hər hansı geyimi və bəzək əşyasını haradan aldığını soruşmur, eyni ilə də qadınlar.

- Seviləsi qadın olmağın ilkin şərti nədir? Burada geyimin rolu var?

- Xanım-xatın olmaqda geyimin də müəyyən dərəcədə yardımcı rolu var. Vulqar geyinsən, insanlar səndən qaça bilər, başında nələr olduğundan xəbəri olmayacaq. Amma bütövlükdə heç bir kişi qadını geyiminə görə dəyərləndirmir, onun daxili dünyası, rəftarı, danışıq tərzi, özünü aparması, xarakteri, jestləri əks cinslər üçün daha dərin məna ifadə edir.

- Sizcə, hansı daha çətindir: kişilərin qadınlara, yoxsa öz duyğularına hakim olması?

- Çətin sual oldu, yəqin ki, qadından asılıdır.

- Azərycanda siyasi xadimlər və məşhurlar arasından hansı xanımların geyim tərzini bəyənirsiniz?

- Şübhəsiz ki, Mehriban Əliyeva. O, tam bir birinci ledi kimi geyinir, əsilzadə duruşu var, hər bir obrazı örnəkdir. Özü də çox gözəl xanımdır, geyimlərini zövqlə seçir, onları öz üzərində məharətlə daşıyır.

Müğənnilər arasından Zülfiyyə Xanbabayeva, hərdən Röya, Aygün Kazımovanı bəyənirəm. Bildiyimə görə, onlar heç bir stilsitlə çalışmır. Bu gün çox gözəl, sabah isə efirə zövqsüz halda çıxa bilərlər. Məncə, bizim müğənnilər də artıq başqa ölkələrdəki kimi stilistlə çalışmağa başlamalıdır. Türkiyədə hər bir ulduzun öz stilsiti var.

- Yəni, hər bir ulduzun stilistinin olması vacib şərtdir?

- Bəli. Xarici məşhurlar efirə, dəvətlərə və konsertlərə stilistlərin onları üçün seçdiyi obrazda çıxır. “Bu gün bunu geyinmək istəyirəm” düşüncəsində olmurlar.

- Azərbaycanda elə bir xanım varmı ki, ona baxanda “Kaş ki, onu mən geyindirərdim” , - deyə düşünürsünüz?

- Aygün Kazımova. Təəssüf ki, yerli məşhurlardan bu günə qədər hələ ki, heç kimlə işləməmişəm. Səbəbi bilmirəm, bəlkə də onlar üçün çox bahalı dizaynerəm, bəlkə də mənə ehtiyacları yoxdur.

- Geyimlərinizi türkiyəli məşhurlar çox bəyənir. Bəs, Hollivud ulduzları ilə çalışmaq istərdiniz?

- Əlbəttə. Yeri gəlmişkən, “Puff daddy” üçün idman paltarı hazırlamışdım.

- Bütün qadınların sizi eşitmək şansı olsaydı, onlara ən dəyərli məsləhətiniz nə olardı?

- Şişirtməsinlər! Dəb hər kəsə yaraşacağını söyləmək olmaz. Məsələn, bəbir naxışları bu gün aktualdır, amma onu digər detallarla elə ustalıqla birləşdirməlisən ki, heç kimin gözünü yormasın. Azərbaycanlı xanımlar bəbir təsviri olan köynəyi, ayaqqabını, şalvarı, hətta papaq və çantanı da eyni anda istifadə edir. Nəticədə zooparkdan çıxmış heyvanı xatırladır. Azərbaycan qadınları da bəzən həddi aşmağı xoşlayır, sözsüz ki, belə olmaq lazım deyil.

- Ərəblər qədər pulumuz yoxdur, yoxsa bizdə də qadınlar paltarlarını qızıl-brilyantla bəzəyərdilər.

- Ola bilər. Onlar brilyantla, bizdə də xanımlar çılçırağın bəzəklərini çıxarıb üstünə taxır. Halbuki, ehtiyacı yoxdur. Azərbaycan qadının üz cizgiləri o qədər gözəldir ki, nə qədər az makiyaj etsə, o qədər cəlbedici görünəcək. Odur ki, onu daş-qaşla vurğulamaq mütləq deyil. Buna hər zaman qarşıyam.

Ərəb şahzadəsi üçün 65 min dollarlıq gəlinlik

- Ən bahalı geyimi kim üçün hazırlamısınız?

- Ərəb şahzadəsi üçün. Ərəb şahzadəsi üçün hazırladığım gəlinlik 65 min dollara başa gəlmişdi. Sadəcə gəlinliyin üzərində təxminən 4000 ədəd 4 karatlıq kiçik brilyant daşlar və qızıl iplərlə işləndiyi üçün belə baha başa gəlmişdi. Müştərilər qorxutmayım, əl işim elə də bahalı deyil. Mağazamızda münasib qiymətə satılan geyimlər də var. Kolleksiyamda olan geyimlərin qiymətləri 150 dollardan başlayır və 9000 dollara qədər dəyişir.

- Hər bir dizaynerin rәnglәrin harmoniyasını bilməsi vacibdir. Bəs sizi xilas edәn rәng hansıdır?

- Qara. Özüm də qaranı çox sevirəm, qarderobumu açsanız, görərsiniz ki, 90 faizi qaradır. Əgər xanım artıq çəkilidirsə, onda ağdan qaçıram, tünd rənglərə yönəlirəm.

Heç bir dizaynerə edilməyən təkliflər edilir

- Bәzәn modanın paytaxtı sayılan şəhərlərdə dә zövqsüz dəfilələr sәrgilәnir. Sizcә, Azәrbaycan cәmiyyәti yüksәk modaya hazırdırmı?

- Sağ olsunlar ki, son illərdə Bakıda keçirilən dəb həftələrinə məni də dəvət edirlər. Dəb həftələrində iştirak etmək üçün heç bir dizaynerə edilməyən təkliflər edilir. Axı dəb həftəsində ilk sırada oturub ayaqqabılarını da kənara qoyan qadının fotosunu görəndən sonra necə razılaşa bilərəm? Bu hadisə türk mediasında da çox tənqid olunmuşdu. Halbuki dünya tendensiyasında ilk sırada çox məşhur şəxsiyyətlər oturur. Bakıda dəfiləmə belə adamlar baxacağını düşəndə dəli oluram. Biabırçılıqdır!

Bir də ora gələn dizayner və qonaqları xüsusi seçmək lazımdır. İdmançılar və müğənnilər ölkəmizi dünya səviyyəsində təmsil edir. Təəssüf ki, eyni halı dizaynerlərə aid etmək olmaz, dəb sektorunun vəziyyəti acınacaqlıdır. Belə olan halda kolleksiyaları dünya miqyasına çıxartmağa dəyməz. İlk növbədə dəb həftələrini özümüzdə normal formata salmalıyıq. Dünya bizə baxır, inkişaf etməkdə olan ölkəyik, niyə də özümüzü rəzil edək ki?

Mən Milan, Paris dəb həftəsində iştirak edə bilmək, adımızı yüksəklərə qaldıra bilmək üçün çox çalışıram. Hesab edirəm ki, bunlara diqqət etməliyik.

- Bəzi sənətçilərin Türkiyədə fəaliyyət göstərməsi mənfi hal kimi qiymətləndirilir. Məsələn, Röya Bəyazın verilişinə çıxdı, amma sadəcə mahnısını oxuyub getmişdi. Bu türklərin bizə yüksək yer verməməsi kimi qarşılanmışdı.

- Buna qətiyyən pis baxmıram. Bəyazın verilişinə çıxmaq hər adamın işi deyil, yarım dəqiqə belə kifayətdir ki, sən məşhur olasan. Hər halda 80 milyon türk onun ifasını eşitdi və reklamı getdi. Bu, bizim üçün ancaq müsbət hal ola bilər.

Əminə Ərdoğan məni dəvət edib öz minnətdarlığını bildirdi

- Türkiyəli həmkarlarınız sizi qısqanır? Azərbaycanlı birinin onların ən sanballı ulduzlarını geyindirməsi qıcıq yaratmır ki?

- Bunu edə bilməzlər, çünki mən Türkiyədə yeganə dizaynerəm ki, ilk kolleksiyam Milan dəb həftəsində göstərilib. 9 ildir ki, Türkiyə Nazirliyi öz dizaynerlərini Milan dəb həftələrinə göndərməyə çalışır, amma rədd cavabı alır. Mənsə Türkiyəni orada təmsil etdim. Nailiyyətimə görə, həm Əminə Ərdoğan, həm də nazirlikdən dəvət edib öz minnətdarlıqlarını bildirdilər, mənə “Bizim edə bilmədiyimizi etdin” dedilər. Yəqin ki, Murad Boz, Murad Yıldırım və digər məşhurların “Afffair”-dən geyinməsinin səbəbi oldu. Bəlkə də qısqanırlar, normal qəbul etmək lazımdır. Qoyun qısqansınlar (gülürük).

Yeri gəlmişkən, hazırda da kolleksiyalarımın Milan dəb həftələrində göstərilməsi üçün məbləğin 50 faizini Türkiyə ödəyir.

- Ticarət nişanına çoxları öz adını qoyur və tarixdə öz adı ilə qalmaq istəyir, siz niyə “Afffair” seçdiniz?

- Afffair tərcümədən gizli əlaqə deməkdir. O anda bir “affair” - gizli əlaqə yaşayırdım, heç kim bilmirdi. Beynəlxalq ad oldu, çoxları da bəyəndi, heç peşman deyiləm.

Anam adımı “yetim” qoyub

- Özünüz və ya sevdiyiniz şəxs üçün özəl geyimlər hazırlamağa vaxtınız olur?

- Yox, ona görə də anam adımı “yetim” qoyub. Anam çox vaxt qara mayka və idman ayaqqabıda gəzdiyim üçün məni tənqid edir. İnanın ki, geyimdən o qədər bezmişəm ki, şəxsi həyatıma onun müdaxiləsini istəmirəm. İşdə bütün gün paltarlar üzərində işləyirəm, mağazaya gedəndə müştərilər nəyin nə ilə uyğunlaşdığını soruşur, daha sonra anam zəng edir ki, “Sabah toya gedirəm, bax gör bunlar uyğunlaşır?”, hələ növbədə bacım var. O da zəng edib məsləhət istəyir. İnsan istər-istəməz bezir. Odur ki, sevdiyim insana paltar almağa daha çox üstünlük verirəm. Bununla belə başqaları üçün çox böyük məmnuniyyətlə işləyirəm.

- Modellik müsabiqəsində iştirak etməsəydiniz, dizayner olardınız?

- Azərbaycanda ilk dəfə keçirilən “Best model of the Azerbaijan” gözəllik yarışmasında qalib olmuşam. Daha sonra Valentin Yudaşkinlə və Parisdə bir çox dizaynerlərlə çalışmğa başladm. O zaman 19 yaşım var idi, onda qeyri-adi üz cizgilərim sayəsində Avropada çox məşhurlaşdım. Hamı haralı olduğumu soruşurdu. Həyatım birbaşa dəblə bağlı idi. Bir qədər keçdikdən sonra anladım ki, mən də dəbə nələrsə əlavə edə bilərəm. Və nə yaxşı ki, bu işə başladım.

Aytən

Fotolar: Elçin Murad

Dünyaya səs salan azərbaycanlı dizayner: "Cibimdə cəmi 400 dollar pul var idi" - MÜSAHİBƏ (FOTOLAR)

"Dekoltenin həddini aşsan, bədənin paltardan çox görünsə, əlbəttə ki, onda xanım da, kişi də sənə baxar".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/193689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR