Tarix yazan gənclik ruhu

Tarix yazan gənclik ruhu
19:22 4 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhədə 4 gün davam edən və Aprel döyüşləri adını almış hadisələr 2016-cı ildə Azərbaycan xalqının ordumuza qarşı olan fikirlərində böyük bir ruh yüksəkliyi yaratdı. Hadisələrdən bir il keçməsinə baxmayaraq, bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu. Məhz o günlər Azərbaycan xalqının, dövlətinin necə güclü olduğunu, lazım gəldikdə cənab Ali Baş Komandanın bir döyüş əmri ilə necə birləşəcəyini göstərdi. Sirr deyil ki, nə qədər gənclərimiz könüllü olaraq hərbi xidmət qoşunlarına daxil olmaq üçün orduya yazılmaq istədi. Aprel hadisələri, aprel döyüşləri şanlı tarix oldu və Azərbaycanın qürurlu tarixinə, yaddaşına yazıldı.

Ali Baş Komandanın "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır" ifadəsi də sübut etdi ki, bu tarix bizim üçün çox dəyərli və vacibdir. O dərsliyi oxuyaraq böyüyən, yetişən gənc nəsil yaxın keçmişi biləcək və bu şücaəti özündə formalaşdıracaqdır. Buna əminəm. Çünki Azərbaycan dövləti şəhidini qürurla anır və şəhid adını uca zirvə adlandırır. Şəhidləriylə fəxr edən və qanları yerdə qalmayacaq deyə yetişən, hər qarış torpağını geri alacaq, Ali Baş Komandanın döyüş əmrini gözləyən və buna hazır olan gənclik olub və yetişməkdədir.

Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın Aprel döyüşlərində şücaət göstərən zabit-gizir heyəti ilə görüşü, Heydər Əliyev Fondunun həmin şəxslərin sosial problemlərinin həllindəki əvəzsiz rolu, onlara yenidən sosial həyat qazandırmaq niyyəti, bugün Azərbaycan dövlətinin döyüşlərin iştirakçısı olmuş insanlara verdiyini önəmin ən bariz nümunəsidir. Döyüşlərdə iştirak edən, bugün ön cəbhədə xidmət edən hərbi qulluqçularımız üçün ən böyük ruh yüksəkliyidir ki, sabah hər hansısa yaranmış kiçik problemdə o öz arxasında Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss edəcəkdir.

Aprel döyüşləri bizə bir daha tarixi xatırlatdı. Ordumuzda olan fərqi, daha doğrusu gedən inkişafı göz önünə gətirdi. Aprel döyüşlərində olan və hərbi xidmət müddəti bitdikdən sonra geri qayıdan gənclərdən orada baş verənləri soruşduqda gözlərində olan torpaq, vətən sevgisi, işıltısı yetişən gəncliyə ən güclü stimuldur əslində. Biz Aprel hadisələrində nə qədər güclü olduğumuzu gördük, güclü orduya sahib olduğumuzu gördük, hər an əlimizə silah alaraq vətənin keşiyində durmağa hazır olan gənclərimizi gördük və onlarla fəxr etdik. İtkilərimiz də oldu. Gözü yaşlı qalan analarımız oldu, amma bir gün o gözlərdə olan yaş "övladımın qanı yerdə qalmadı" ifadəsi ilə əvəzlənəcəkdir. Buna inanırıq. Və bu inam çox güclü amildir.

Aprel döyüşlərində, Vətənin qarış torpağı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, valideynlərinə möhkəm səbr arzu edirik. Hər gün bütün şəhidlərimizin qanının yerdə qalmaması uğrunda Qarabağda gedən döyüşlərdə bir addım daha irəliləyirik. Qələbə tariximiz uzaqda deyil. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər şəhər və rayonlarımızda dalğalanacaq

Ruhun şad olsun Azərbaycan əsgəri !

Mirhəsən Seyidov

"İrəli" İctimai Birliyinin sədri


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR