Bakıda iki gündür yaranan tıxacın əsl səbəbi üzə çıxdı...

Paytaxt küçələrində son günlər aparılan təmir işləri yollarda avtomobillərin hərəkitin iflic vəziyyətinə salıb. Sürücülər bu vəziyyətdən narazıdır. Onlar bu işlərin həftə sonları, eləcə də gecə saatlarında aparılmasını təklif edirlər.

Bununla bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada əsas məsələ şəhərin yollarının infrastrukturu məsələsidir:

“Elə yol-təmir işləri var ki, onların tamamlanması bir neçə saat çəkmir. O işin texnologiyası həmin yolda hərəkətin məhdudlaşdırılmasını tələb edir. Bu zaman yolu bağlamaq olar. Lakin sürücülər üçün alternativ yollar təklif olunmalıdır. Məsələn, təmir işləri ilə bağlı bağlanan Yusif Səfərov küçəsinin heç bir alternativi yoxdur. Bax belə problemlər də var. Ona görə də, belə küçələrdə iş zaman texnikanı elə quraşdırmaq lazımdır ki, işi 2-3 günə yekunlaşsın. Yəni, iş uzanıb 1 həftə, 1 ay çəkməsin. Sözügüdən küçənin uzunluğu 1 km-dir. Orada təmir işlərini 3 günə yekunlaşdırmaq olar.

Əsas problemlərdən biri də, alternativ küçələrin təmiz saxlanılması məsələsidir. Həmin yollarda parklanan avtomobillər əsas yol açılana kimi təmizlənməlidir ki, alternativ yol digər yolun yükünü götürə bilsin”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, paytaxtda son bir həftə ərzində bir neçə ərazidə təmir işləri aparılıb:

“Babək prospektində təmir işləri həyata keçirildiyi üçün, həmin ərazidə 1-2 gün sıxlıq müşahidə olunub. Bir də, dünən Yusif Səfərov küçəsinə görə müəyyən çətinliklər olub. Ancaq o küçənin bağlanmadan təmir olunması qeyri-mümkün idi. Aidiyyatı qurumlarla razılığa gəldikdən sonra həmin küçə bağlanıldı. Küçə bağlanılmadan təmir olunsaydı, həm təmir işlərinin müddəti uzadılacaqdı, həm də uzun müddət tıxac olacaqdı. Çünki bu bir gecənin, həftə sonunun işi deyildi. Yol tam təmirə bağlanıldı və qısa müddət ərzində işlər yekunlaşdırıldı. Digər ərazilərdə isə hazırda təmir işləri aparılmır.

Biz də istəmərik ki, insanlar tıxacdan əziyyət çəksin. Bir gecəyə eləmək mümkündürsə, biz bunu edirik. Mümkün olmayanda isə məcbur olub yolu tam bağlayır və təmiri ən qısa müddətə yekunlaşdırırıq”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR