Azərbaycan elmi daha bir alim itirdi - Ninel Qarayeva

Azərbaycan elmi daha bir alim itirdi - Ninel Qarayeva
11:09 5 Aprel 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə M. Əli-zadə Azərbaycanda alqologiya elminin banisi, tanınmış alim, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Ninel İsrafil qızı Qarayevanın ölümü haqda nekroloq imzalayıb. Lent.az-ın məlumatına görə, nekroloqda bildirilib ki, Ninel İsrafil qızı Qarayeva 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb: “1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub, XX əsrin görkəmli diatomoloqu, b.e.d. A.İ.Proşkin-Lavrenkonun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışıb və 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın  Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edib. Müəllif elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənib, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini verib, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənib. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur”.         

        

Alim tərəfindən çoxillik tədqiqatlar nəticəsində Xəzərin müasir alqoflorasının səciyyəvi cəhətləri müəyyənləşdirilib, onun mənşəyi və inkişafına dair sonralar eksperimental şəkildə öz təsdiqini tapmış hipoteza irəli sürülüb: “Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Diatom yosunların yeni bir cinsi onun şərəfinə Karayevia Round et Bukht. (Round, Bukhtiyarova “Four new genera based on Achnanthes (Achnanthium) together with a re-definition of Achnanthium”, Diatom Research, 1999, vol. 11) adlandırılıb”.

 

N. İ. Qarayevanın əldə etdiyi nəticələr dəfələrlə keçmiş SSRİ Elmlər Akademiyasının və Azərb. SSR Elmlər Akademiyasının mühüm nailiyyətləri sırasına daxil edilib: “Beynəlxalq cəmiyyətin etibarını qazanmış, beynəlxalq konqreslərdə məruzə edilib. Alimin elmi fəaliyyəti əksəriyyəti yaxın və uzaq xaricdə çap olunmuş 115 elmi əsərdə öz əksini tapıb. Bunlardan “Diatomovıe vodorosli bentosa Kaspiyskoqo morə” (1972) monoqrafiyası və həmkarları ilə tərtib etdiyi “Diatomovıe vodorosli SSSR. İskopaemıe i sovremennıe”, tom II (1988) toplusu mütəxəsssilərin böyük marağına səbəb olub.

 

Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif edilib: “Bu sırada ölkə prezidentinin sərəncamı ilə  təqdim edilmiş “Tərəqqi” medalı, “Əmək veteranı”medalı və “Sosialist yarışı əlaçısı” nişanını qeyd etmək olar. Azərbaycan elmində əvəzsiz xidmətləri olan Ninel Qarayevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR