Bölgədə yeni müharibə ocağı yaranır – Türkiyə XƏBƏRDARLIQ ETDİ

Bölgədə yeni müharibə ocağı yaranır – Türkiyə XƏBƏRDARLIQ ETDİ
15:58 5 Aprel 2017
206 Dünya
Ölkə mətbuatı
A- A+

Kərkükdə gərginlik hər keçən dəqiqə artır.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, İran və ABŞ-ın oynadığı oyunlarla Kərkükdə qarşıdurmanın baş verməsi an məsələsinə çevrilib.

“Bayraq böhranı” ilə başlayan gərginlik Kərkük Vilayət Məclisinin dünən qəbul etdiyi referendum qərarı ilə daha da artıb. Türkman və ərəblərin boykot etdiyi iclasda qəbul edilən qərar şəhərin Şimali İraq Regional Kürd Muxtariyyətinə birləşdirilməsi üçün referendumun keçirilməsini nəzərdə tutur.

Digər tərəfdən isə kürd muxtariyyətinin lideri Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası (KDP) və İraqın keçmiş prezidenti Cəlal Tələbaninin Kürdüstan Vətənpərvər Birliyi (KYB) müstəqillik üçün referenduma hazırlaşır. Kərkükün ilhaqı üçün qəbul olunan qərarlar və regional kürd rəhbərliyinin müstəqillik üçün referenduma hazırlığının eyni vaxta təsadüf etməsi diqqət çəkir. “Yeni Şafak” nəşrinin yazdığına görə, təxribatın arxasında İran, PKK və Təlabani dayanır. ABŞ kimi güclər isə Kərkük oyununu dəstəkləyirlər.

Nəşrin yazdığına görə, əvvəl “bayraq böhran”ı, daha sonra isə referendum qərarı İran, PKK və Təlabaninin birbaşa iştirakı ilə Kərkükdə bir qarşıdurmanın siqnalıdır.

Dünən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Kərküklə bağlı qəbul edilən qərarlar İraqın gələcəyini riskə ata bilər.

“Bu məsələdə qərarı Bağdad verə bilər. Kərkük Vilayət Məclisi özbaşına referendum barədə qərar verə bilməz. İraq və suriyalı türkman qardaşlarımızla da daim əlaqə saxlayırıq, onlara hər cür dəstəyi veririk. Kərkük türkmanı yalnız deyil və yalnız qalmayacaqlar. Belə bir vaxtda fürsətcil davranmaq İraq və kürd muxtariyyətinin gələcəyi üçün yaxşı olmaz”, - Çavuşoğlu deyib.

Xatırladaq ki, Kərkük Vilayət Məclisi dünən türkmanların (azərbaycanlılar - red.) tarixi torpağı bu şəhərin kürdlərə verilməsi üçün referendumun keçirilməsi haqda qərar çıxarıb. Qərar türkman və ərəb üzvlərin iştirak etmədiyi iclasda çıxarılıb.

Kərkük Vilayət Məclisinin sədri Rebvar Təlabani bildirib ki, referendumla bağlı qərarı İraq mərkəzi hökumətinə təqdim ediblər. Referendumda “Kərkük İraq mərkəzi hökumətinə tabe olsun, yoxsa Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilsin?” məsələsi səsverməyə çıxarılacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR