Mobil telefonlardan təhlükəsiz necə istifadə etmək olar?

Artıq sərhəd tanımayan veb texnologiyalar vasitəsi ilə çox asanlıqla insanların şəxsi məlumatlarının əldə etmək olar. Təkcə “Mage” tətbiqi ilə deyil, yüzlərlə mobil tətbiqləri yükləməklə insanların şəxsi məlumatlarına əlçatanlığı təmin etmək mümkündür. Bəs, mobil telefonlardan təhlükəsiz necə istifadə etmək olar?

Məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlama verib. O, qeyd edir ki, təhlükəsizlikdən söz gedirsə, iki məqama diqqət etmək lazımdır:

“İnsanlar özlərinin elementar təhlükəsizliyinə riayyət etməlidir. Sosial mediada, internetdə, sosial şəbəkələrdə istənilən texnoloji sahədə açıqlanması arzuolunmayan fərdi informasiyaları yaymamalı, telefon nömrələrini yerləşdirməkdən çəkinməlidir".

Osman Gündüz deyir ki, vacib informasiyaların qorunmasında dövlət də məsuliyyət daşıyır:

“Fərdi informasiyaların qorunması ilə bağlı qanun var. O qanun şirkətlər və qurumlar üzərinə məhdudiyyət qoyur. Məsələn, mobil operatorlarda, provayderlərdə insanların fərdi məlumatları (telefon nömrələri və s.) var. Vətəndaşlara aid informasiyaların başqa yerlərə verilməməsi üçün dövlət bu qurumların üzərinə ciddi məhdudiyyət qoyur".

Osman Gündüz əlavə edib ki, qloballaşma, texnoloji inkişaf müəyyən problemlər yaradır. Bu problemlərin aradan qaldırılması üçün həm vətəndaşlar, həm də dövlət tərəfindən müəyyən addımlar atılmalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR