“Apple”dan Britaniya şirkətinə ağır zərbə

“Apple”dan Britaniya şirkətinə ağır zərbə
08:12 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"iPhone" və "iPad" üçün qrafik çiplər hazırlayan Britaniyanın "Imagination Technologies" şirkəti birjada ağır zərbə alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Apple" korporasiyası tərəfdaşına bildirib ki, 2 il ərzində onun texnologiyalarından imtina edərək öz çiplərini hazırlamaq fikrindədir. Bu xəbərin yayılmasından sonra "Imagination Technologies"in səhmlərinin dəyəri təxminən 70% ucuzlaşıb.
 
"Apple"ın planı "Imagination Technologies"in biznesinə ağır zərbə vura bilər, çünki Britaniya şirkəti gəlirlərinin yarısını ABŞ şirkəti ilə əməkdaşlıq nəticəsində əldə edir. "Apple" "Imagination Technologies"də 8% səhmə malikdir. Ötən il amerikalılar Britaniya şirkətini almaq üçün danışıq aparırdılar, lakin sonda sövdələşmədən imtina etdilər.
 
"Imagination Technologies" isə "Apple"ın təkbaşına çip istehsal etmək niyyətinə şübhə edir. Şirkətin mətbuat açıqlamasında bildirilir ki, "Apple" öz cihazlarında "Imagination"ın patent hüquqlarını pozmadan onun texnologiyasından istifadə etməyəcəyinə dair sübut təqdim etməyib. İngilislər hesab edir ki, şirkətin intellektual mülkiyyətini pozmadan sıfırdan yeni GPU (qrafik prosessor) yaratmaq çox çətindir.  
 
Bunu nəzərə alaraq "The Verge" portalı yaxın gələcəkdə "Apple" və "Imagination Technologies" arasında patent müharibəsi başlaya biləcəyini istisna etmir.
 
Qeyd edək ki, "Imagination Technologies" 1985-ci ildə yaradılıb və 1994-cü ildə birjaya çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR