Bakının it PROBLEMİ: paytaxt sakinləri TƏHLÜKƏDƏ

Bakının it PROBLEMİ: paytaxt sakinləri TƏHLÜKƏDƏ
13:13 6 Aprel 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Son iki gün ərzində təkcə paytaxtda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisələr Nərimanov, habelə Sabunçu rayonunda və Bakıətrafı qəsəbələrdə qeydə alınıb. Bunlar yalnız bir - 3 saylı Şəhər Kliniki Xəstəxanasına olan müraciətlərdir. Son vaxtlar sahibsiz itlərin hücumu ilə bağlı xəbərlərin artması bu məsələnin ciddi problemə çevrilməsindən xəbər verir. Günün istənilən saatında bu heyvanlar paytaxt sakinləri üçün təhlükəyə çevrilib.

Bu istiqamətdə paytaxt sakinlərinin ilk müraciət edəcəyi ünvan isə Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsidir.

İdarənin rəisi Eldəniz Məmmədov Publika.az-a açıqlamasında son günlər adıçəkilən ərazilərdən it dişləməsi ilə bağlı onlara müraciət olmadığını dedi: “Hər hansı rayonda it dişləməsi ilə bağlı müraciət olarsa, bizim əməkdaşlarımız ora gedir. Orada aşkarlanan heyvanlar Balaxanıya yerləşdirilir. Bundan başqa, gələcəkdə İDEA İctimai Birliyinin Qaradağda yaratdığı saxlanc yerlərinə də yerləşdirilməsi ilə bağlı işlər aparılır. Yaxın vaxtlarda küçə heyvanlarının ora yerləşdirilməsi də həyata keçiriləcək”.

E.Məmmədov it dişləməsi ilə bağlı hər ay müraciətlərin qeydə alındığını, konkret müraciət sayının hansı rayonda üstünlük təşkil etməsi barədə isə rəqəm deməyin mümkün olmadığını bildirdi.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bu aylarda heyvan dişləməsi hallarının artdığını deyir: “Ötən il ərzində 17 min nəfər heyvan dişləməsi ilə bağlı yerli poliklinikalara müraciət etmişdi. Ondan əvvəlki il rəqəm bir az aşağı idi. Lakin il ərzində heyvan dişləmələrində say təxminən bu civarda olur.

Ötən il qeydə alınan dişləmələrin 92 faizin itlərin payına düşür. 1-2 %-ni pişik dişləməsini, yerdə qalanını isə digər vəhşi heyvanların dişləməsi təşkil edir. Xüsusən də, yaz və yay aylarında insanların həyatının aktivləşməsi səbəbindən çoxalır. Çünki bu aylarda insanlar daha çox təbiətdə olurlar. Ona görə də dişləmə halları artır. Bunun digər səbəbi də bu yalarda insanların daha nazik paltarlar geyinməsi və heyvan dişlərinin birbaşa dəri ilə kontaktda olmasıdır”.

R.İsmayılova bildirib ki, il ərzində heyvan dişləməsi ilə bağlı müraciətlər əsasən, sərhəd, dağ rayonları, meşələrlə sərhədlənən rayonlardan olur: “Elə bir rayon yoxdur ki, oradan heyvan dişləməsi olmasın”.

Quduzluq hallarına gəldikdə, o bu il ərzində xəstələnmə halı isə bu il qeydə alınmadığını dedi: “Ötən il 4 quduzluq hadisəsi baş vermişdi. Xəstələr ilk növbədə rayonların mərkəzləşmiş xəstəxanalara müraciət edir. İnsanlar dişləmə olan kimi antirabik kabinetlər (quduzluq ) müraciət etsələr, vəziyyət kritik həddə çatmaz. Ancaq quduzluq xəstəliyi müalicə olunmur və 100 faiz ölümlə nəticələnir. İnsanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/193989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR