“Tıklayın, tıklayın”

Metroda iki gəncin öpüşmə xəbərindən sonra gündəmə gələn yeni mövzu - əmi öz qardaşı qızını qaçırdı.

Razıyam, diqqət çəkən mövzulardır, İP gətirir. Amma xəbər mövzusu kimi bunun işlənilməsi, ictimailəşdirilməsi nə dərəcə doğrudur? Bu lap “Dəlinin yadına daş salmaq” - məsəlinə dönür.

Xatırlayırsınızsa, bir ara teleməkanda yayımlanan türk serialları cəmiyyətdə emosiyalara səbəb olurdu. Həmin seriallarda bacı öz doğma bacısının həyat yoldaşına qoşulub qaçır, yaxud da sevgilisinin nişanlısını əlindən alırdı. Şahidi olduğum bir hadisəni qeyd edim. Türkiyə televiziyalarının birində yayımlanan “Adını Feriha koydum” serialında baş rol qəhrəmanının sevgilisi ilə qaçmasından sonra yaşadığım rayonda 3 azyaşlı qız ailəsindən xəbərsiz, sevgilisi ilə qaçmışdı. Elə serialdakı kimi...

Seriallar da həyatdan götürülür deyirlər. Amma bu gün cəmiyyətimizi türk serialına çevirən lazımsız informasiyaları gündəmə çevirən saytlardır. Oxucular saytların bu cür mövzuları qabartmasından şikayətlənir. Amma elə saytları özləri bu günə qoyurlar. Ancaq əxlaq, namus, intim mövzulu xəbərlərə “tıklayırlar”. “Tıklayın, tıklayın”, yaxşı olacaq…

Dünən də elə oldu. Gün ərzində saytlarda balansı qorumaq üçün hər tip mövzular işlənildi. Amma heç biri oxunulmadı. Oxunan yalnız qardaşı qızını qaçıran əmi ilə bağlı “gic-gic” xəbərlər oldu. Cəmiyyət bu gün istəmədən də olsa jurnalistlərin qələminə təsir edir. Öz istiqamətini tutub irəli gedən çox az sayda jurnalist dostumuz qalıb. Təəssüf doğuran haldır. Başqa heç nə...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR