"Yarımçıq qalmış..." təqdim olundu

"Yarımçıq qalmış..." təqdim olundu
16:05 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Yarımçıq qalmış..." tamaşasının premyerası ictimaiyyət nümayəndələrinə təqdim olunub. 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin "Xəyalpərvər oğlan" əsəri əsasında hazırlanıb.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov, İlqarə Tosova, Elgün Yəhyayev, Anar Seyfullayev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandırıblar.
Tamaşanı teatr xadimləri, Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti və mətbuat nümayəndələri izləyiblər.

Aprel döyüşlərində canlarından keçmiş qəhrəmanlarımızın şəhidlik zirvəsini fəth etdikdən sonrakı "həyatlarını" canlandıran səhnə əsəri tamaşaçıların göz yaşları və sürəkli alqışları ilə qarşılanıb.

Sonda 70 illik yubileyi tamam olan tamaşanın quruluşçu rejissoru Vaqif Əsədova teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu və gül dəstəsi təqdim edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/532660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR