Metroseksuallıq bir xəstəlikdir

Müasir dövrdə öz xarici görünüşünə (fiziki forması, geyimi və aksessuarları) xüsusi əhəmiyyət verən, bunun üçün xeyli pul xərcləyən və vaxt itirən kişi tipləri olan metroseksualların sayı artır.

XX əsrdə belə tip kişilər Avropada "dendi" adı ilə tanınırdı. Metroseksual terminini isə 1994-cü ildə britaniyalı jurnalist Mark Cimpson təklif edib. O, bu termində “paytaxt” (ingiliscə metropolitan) və “cins” (ingiliscə sexual) sözlərini birləşdirdi. Terminin mənasından göründüyü kimi, bu hal xüsusilə iri şəhərlərdə geniş yayılıb.

Metroseksuallar market məhsulları haqda geniş məlumatı olan alıcılardır. Onlar ənənəvi kişi vəzifələrini daşımaqla yanaşı, yaxşı geyinməyə və bütün növ aksessuarlardan istifadə etməyə çalışır.

Bir qayda olaraq metroseksuallar Avropada təhsilli və məlumatlı insanlar arasından çıxır. Onları həyatda yeni olan hər şey maraqlandırır. Baxımlı, özünə qulluq edən kişi hər zaman qadınların diqqət mərkəzində olub. Bu tip kişilərdə görkəmlə nəzakətlilik ahəng təşkil etdikdə, onlar qadınların sevimlisinə çevrilir.

Metroseksuallar geyimlə yanaşı, qidalanma, dəriyə qulluq və idman kimi məsələlərə də xüsusi diqqət ayırır. Onların arasında botoks etdirənlərin də sayı az deyil.

Cəmiyyətdə metroseksual kişilərə münasibət birmənalı deyil. Xüsusilə mühafizəkar cəmiyyət belə kişiləri qəbul etmir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Vəfa Rəşidova metroseksuallığın bəzi xüsusiyyətlərindən söz açıb.

“Metroseksuallarda baxımlılıq aşırı dərəcədə olur. Belə kişilər xüsusilə brend məhsullara üstünlük verir. Onların hədsiz baxımlı olmaları uşaqlıqdan gələn bir prosesdir. Analarına bağlı oğlanların əksəriyyəti gələcəkdə metroseksuallıq problemi yaşayır. Şüuraltı şəkildə ana obrazını canlandırmağa, təkrarlamağa çalışan oğlan, böyüdükdə xarici görünüşünə hədsiz dərəcədə fikir verməyə başlayır. Bu onların cəmiyyətdə özlərini təsdiq etmə istəkləri ilə də bağlıdır. Metroseksuallar bu məqsədlə daim insanların əhatəsində olmağa çalışdığından, dostları da çox olur”.

Aytən Novruzova / Metbuat. az






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR