Ordumuz bu silahla erməniləri vahiməyə saldı

Erməni hərbi həkimləri ötən ilin aprel döyüşləri zamanı təkcə Ağdərə hospitalının 150-dən çox yaralı əsgəri qəbul etdiyini deyir.


Erməni KİV-ləri bu döyüşlərdən bir il keçdiyi bir vaxtda hospitalın həkimlərini danışdırıb. Onların açıqladığı rəqəmlər və təsvir etdiyi situasiya Ermənistan rəhbərliyinin bəyanatları ilə üst-üstə düşmür.

Hospitalın rəisi Xoren Azaryan deyir ki, döyüşlər başlayanda o, iş dalınca İrəvana getmişdi.

"Mənim iki müavinim atəş səslərindən başa düşüb ki, bu adi atışma deyil, döyüş əməliyyatları gedir. Və onlar bütün tibb personalını səhərə yaxın saat 4-də toplayıb, binanın üstündən bayrağı götürüb, işıqların köməyi ilə maskalanma həyata keçirib".

Azaryan özü İrəvandan aprelin 2-də günorta qayıdıb. Həmin vaxt hospitala ardı-arası kəsilmədən yaralı əsgərləri daşşıyırdılar. Bunlar erməni ordusunun Talış kəndi istiqamətində və Seysulan istiqamətində gedən döyüşlərdə yaralanan əsgərləri idi. Xoren Azaryan dörd gün ərzində hospitalın 150-dən çox yaralı əsgər qəbul etdiyini deyib. Onların bir çoxunu xilas etmək mümkün olmayıb. "Biz ac-susuz, dayanmadan, yatmadan işləyirdik. Hospitalda iki əməliyyat masası vardı, döyüşlər başlayanda daha iki masa artırıldı və onların heç biri bir saat da olsun boş qalmırdı".

Cərrahiyə şöbəsinin rəisi, mayor Arman Muradyan da deyir ki, onlar uzağı bir saat yata bilirdilər. Qalan vaxtı əməliyyat otağında olurdular, ya da ön xəttə yaralı gətirməyə gedirdilər. Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan İrəvandan və Xankəndindən təcili həkim briqadaları gəlib.

Arman Muradyan deyir ki, ən çox yaralı axını aprelin 3-də baş vermişdi. (Həmin gün Azərbaycan ordusu ermənilərin Mataqis polkunu sərrast artilleriya zərbələri ilə vurmuşdu). Muradyan danışır ki, onlar ön xəttə yaralı dalınca gedəndə Azərbaycan ordusunun pilotsuz zərbə təyyarəsi Mataqisdə hərbi sursat anbarını bombaladı. Daha bir pilotsuz aparat isə Ağdərə hospitalının üzərində fırlanırdı.

Cərrah David Marqaryan isə danışır ki, həmin günlər Mataqis-Ağdərə yolu daim atəş altında idi. Erməni hərbi həkimlərin dediyinə görə, onların yaddaşında ən ağır izləri Azərbaycanın "Harop" pilotsuz döyüş aparatından endirdiyi zərbə buraxıb: "Çoxları elə yerindəcə öldü. Bir neçəsini hospitala çatdıra bildik, ancaq onlardan çox az adamı xilas etmək mümkün oldu"

David Marqaryan deyir ki, aprelin 5-də döyüş əməliyyatlarının dayandırılması haqda razılaşma əldə olunsa da əslində atışmalar bütün aprel ayı boyu davam etdi və hər gün Ağdərə hospitalına yaralılar daşındı.

Hospitalın qəbul şöbəsinin rəisi, mayor Gevond Tadevosyan da Azərbaycanın "Harop" pilotsuz döyüş aparatının endirdiyi zərbəni dəhşətlə xatırlayır.

"Sisyandan olan könüllüləri ön xəttə aparan avtobusun dronla vurulması həmin günlərdən yaddaşımda qalan ən dəhşətli xatirədir. Bilmirəm bu nə silah idi, insanlar diri-diri yanmışdı. Bu, çox dəhşətli idi. Bizə onlardan üçünü, yaxud dördünü gətirmişdilər. Biz yardım göstərdik, ancaq hamısı intoksikasiyadan öldü". //virtualaz.org


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR