Sue Li: "AZƏRTAC-ın regionda Çin dilində xəbər yayan yeganə agentlik olması təqdirəlayiqdir"

Sue Li: "AZƏRTAC-ın regionda Çin dilində xəbər yayan yeganə agentlik olması təqdirəlayiqdir"
16:27 7 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"AZƏRTAC-ın regionda Çin dilində xəbər yayan yeganə agentlik olması təqdirəlayiqdir və bunun bizim üçün çox böyük önəmi var".

Milli.Az bildirir ki, bu sözləri Çin Xalq Respublikası Uyğur Muxtar Rayonu Xarici İşlər İnstitutunun baş katibi Sue Li aprelin 7-də AZƏRTAC-da keçirilən görüşdə deyib.

Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin iştirakı ilə Asiya və Avropanı birləşdirən nəhəng layihələrin reallaşdırıldığını bildirib. AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə həm Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), həm də ikitərəfli qaydada sıx əməkdaşlıq etdiyini qeyd edən baş direktor hazırda tərəflərin yeni müqavilə imzalamaq istiqamətində danışıqlar apardığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan və Çin hökumətlərinin razılığı əsasında AZƏRTAC ilə Çinin Dövlət Xəbərlər və Mətbuat Şurası arasında əməkdaşlığın qurulması məqsədilə iş aparılır.

"AZƏRTAC-ın Çin dilində xəbərlər yayması bizi çox sevindirir", - deyən Sue Li KİV-lərin ölkələr arasında əlaqələrin formalaşmasında böyük rol oynadığını qeyd edib. O, agentliyin Bakıda fəaliyyət göstərən Konfutsi İnstitutu ilə səmərəli fəaliyyətinin artıq öz bəhrəsini verdiyini, AZƏRTAC-ın əməkdaşlarının Çin dilini öyrənməyə göstərdikləri marağı yüksək qiymətləndirdiyini vurğulayıb. Sue Li agentliyin onun təmsil etdiyi institut ilə də əməkdaşlığının qurulması üçün birgə çalışmağa hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə AZƏRTAC-ın hazırda sədri olduğu Dünya Xəbər Agentlikləri Konqresi və OANA haqqında qonaqlara məlumat verilib. Eyni zamanda, Çinin Xarici İşlər İnstitutu ilə kadr mübadiləsi, birgə layihələrin reallaşdırılması, agentliyin saytının Çin dilində bölməsinin Urumçidə təqdimatının keçirilməsi, çinli tələbələrin AZƏRTAC-da təcrübə keçməsi, habelə Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Çinin "Huanqiu" və "China News Service" xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qərbi Asiyada iqtisadi məlumatların mübadiləsi üzrə komissiyanın üzvü Ma Nin, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru Luo Siaocı və institutun əməkdaşı Li Çensyu görüşdə iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR