UNEC kollektivi Lələtəpədə

UNEC kollektivi Lələtəpədə
17:24 7 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

 

 

UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərinə və Lələtəpə yüksəkliyinə səfər edib.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı keçirilən səfərdə UNEC kollektivi  Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən zəfər yürüşünə qatılıblar.

 

Zəfər yürüşündən sonra UNEC kollektivi Birlik komandiri, general-mayor Mais Bərxudarov, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, millət vəkili, UNEC-in “Qiymət və qiymətləndirmə” kafedrasının müdiri Xanhüseyn Kazımlı ilə birlikdə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gediblər.

Əsgər və zabitlərlə görüşdə general-mayor Mais Bərxudarov Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib: “Aprel döyüşləri bir daha sübut etdi ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın,  xalqımızın müdafiəsində əzmlə dayanır və Ali Baş Komandanın əmri ilə qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.

 

General-mayor UNEC kollektivinin Lələtəpəyə səfər edən ilk universitet olduğuna diqqət çəkərək bu təşəbbüsü yüksək qiymətləndirib və qeyd edib ki, bu, UNEC kollektivinin cəbhə bölgəsinə ilk səfəri deyil: “Mətbuatdan da izləyirik ki, UNEC gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirir”.

 

UNEC rektoru, professor Ədalət Muradov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il ölkənin tarixinə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub: “Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verib. Aprel döyüşlərində qazanılan qələbə prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub”.

 

Rektor Ədalət Muradov UNEC-in Müdafiə Nazirliyinin dəstəyi ilə universitetin professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətənin müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.

 

Polkovnik Abdulla Qurbani və millət vəkili Xanhüsey Kazımlı görüşdə Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətini vurğulayaraq, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.

 

Görüşdə UNEC-in tələbəsi, aprel döyüşlərinin iştirakçısı Məftun İsmayılov də xatirələrini bölüşüb və elə bir əməliyyatın iştirakçısı olduğu üçün fəxr etdiyini dilə gətirib: “ Ağır keçən döyüşlərdə sinəmdən qəlpə yarası aldım, lakin buna baxmayaraq səngəri tərk etmədim. Fəxr edirəm ki, belə böyük bir əməliyyatın iştirakçısıyam və bu qələbədə mənim də payım var. Əməliyyatda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim”.

 

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olan Qiyas Quliyevin qardaşı, UNEC-in müəllimi İbrahim Quliyev də qardaşı ilə bağlı xatirələrindən danışıb. Onun qorxmazlığından, vətənsevərliyindən söz açaraq, qardaşı ilə fəxr etdiyini bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR