Bu gün Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılıgı ilə Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən Publika.az-a verilən məlumata görə, tədbiri açan rektor Abel Məhərrəmov 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımının Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının xalqımıza qarşı törətdiyi dəhşətli faciə olduğunu deyib.
Rektor qeyd edib ki, həmin soyqırımı zamanı Kəlbəcər rayonunun
Ağdaban kəndi tamamilə yandırılıb, kənd sakinləri amansız
işgəncələrə məruz qalıb, 40 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 8
nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri
yandırılıb, xeyli insan girov götürülüb və itkin düşüb.
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru
Musa Qasımlı ermənilərin Ağdabanda törətdikləri vəhşiliklərdən və
bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən
bəhs edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov işğal
altında olan ərazilərin geri qaytarılacağına əminliyini ifadə
edib.
Tədbridə çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar
Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Ağdaban sakini Cavid
Qurbanov faciənin dəhşətli faktları haqqında məlumat verib,
soyqırım zamanı Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı
Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da
yandırıldığını bildirib.
Sonda Kəlbəcər məktəblilərinin ifasında Ağdaban faciəsinə həsr
olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Ağdaban
soyqırımına həsr edilmiş yazı müsabiqəsinin qaliblərinə “Aşıq
Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin adından diplomlar
verilib.