Sürücülük vəsiqəsi almaq istəyənlər oxusun!

Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tram¬vay¬la¬rı idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.

Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) müvafiq formada tibbi arayış;

3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);

4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Nəzərə almaq lazımdır ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 manat (traktorçu vəsiqəsi almaq istəyənlər 5 manat), növbəti hər dəfə üçün isə 10 manat (traktorçu vəsiqəsi almaq istəyənlər təkrar imtahana görə rüsum ödəmirlər) dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 manat (traktorçu vəsiqəsi almaq üçün 5 manat) dövlət rüsumu ödənilir.

Sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan informasiya texnologiyalarından istifadə edilməklə, yəni kompüterdə qəbul olunur. Hər şəxsə 10 test verilir və bu testlərdən ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır. Bunun üçün nəqliyyat vasitəsi ilə konkret manevrlər icra olunur və xüsusi yol şəraitində sürmə həyata keçirilir. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir. Amma onun qapalı avtodromda keçirilən birinci mərhələsinə nəzarət kameralarının qeydi əsasında qiymət verilir. Sürücülüyə namizəd konkret manevrlərin yerinə yetirilməsi zamanı kobud qayda pozuntularına yol verdikdə və imtahan götürən təlimatçının müdaxilə etməsinə səbəb olan qəza şəraiti yaratdıqda imtahandan qeyri-məqbul qiymət alır.

Sürücü olmaq istəyənlərə bildirirəm ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR