Şəhid hərbçilərimizin "Şücaətə görə" medalları təqdim edilib

Şəhid hərbçilərimizin "Şücaətə görə" medalları təqdim edilib
18:54 8 Aprel 2017
177 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu  və Cəfərov Zakir Nazim oğlu ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ilə təltif olunublar.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı , Beyləqan, Şəki və Yardımlı rayonlarında keçirilən medalların təqdimolunma mərasimlərində Müdafiə Naziriliyinin, yerli icra hakimiyyəti orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyətin, eləcə də şəhidlərin xidmət etdikləri hərbi hissələrin nümayəndələri iştirak ediblər.

 

Şəhid əsgər Zakir Cəfərovun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı aprelin 8-də Nizami rayonunda keçirilən mərasimdə ailəsinə təqdim olunub.

Çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani medalın təsis edilməsi haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının ilk dəfə məhz aprelin 8-də təqdim olunduğunu vurğulayan A.Qurbani deyib: “Aprel döyüşlərində Azərbaycan Ordusunun, əsgərinin qələbəsindən sonra belə bir medalın təsis edilməsi zərurəti yarandı. Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər. Bu medalla ilk dəfə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan 5 hərbi qulluqçu (ölümündən sonra) təltif olunub".

 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı uğurlardan, qələbələrdən danışıb: “Aprel döyüşlərində Nizami rayonu 4 şəhid verib. Onların ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bütün xalqımız kimi, Nizami rayon sakinləri də hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar”.

Sonra “Şücaətə görə” medalı şəhid Zakir Cəfərovun qardaşı Camal Cəfərova təqdim edilib.

Şəhidin ailə üzvlərinə Müdafiə Nazirliyinin nəşr etdirdiyi, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Çingiz dastanı” və “Lələtəpə fatehləri” kitabları təqdim olunub.

Hərbi qulluqçu Haşımlı Tural Əbdül oğlunun layiq görüldüyü medal Ordubad şəhərində keçiriləcək mərasimdə şəhidin ailəsinə təqdim ediləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR