Qız Qalasının qarşısında parkur şousu keçirilib - FOTO

Qız Qalasının qarşısında parkur şousu keçirilib - FOTO
20:27 8 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 8-də Frankofoniya həftələri çərçivəsində İsveçrə səfirliyi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə açıq havada parkur şousu təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə BAMF-ın sədri Umud Mirzəyev, İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder, Fransanın ölkəmizdəki səfiri Orelia Buşez, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, şəhər sakinləri və turistlər iştirak ediblər.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov çıxış edərək bildirib ki, Frankofoniya həftələri fransızdilli ölkələr tərəfindən dünya səviyyəsində xüsusi qeyd edilir. Ölkəmizin rəhbərliyi idmana, gənclərə və onların inkişafına xüsusi diqqət göstərir.

Sonra çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib ki, ölkəsinin dörd dövlət dili var və bu dillərdən biri də fransız dilidir. Frankofoniya həftələri çərçivəsində keçirilən tədbirlərdən biri də idman mövzusuna həsr olunub. Parkur idmanın nisbətən yeni növüdür. Bu idman növü 25 il bundan qabaq Fransada yaradılıb. Onun fəlsəfəsi idmançıların maneələri cəld, müxtəlif hərəkətlərlə, tullanmaqla dəf etməsindən ibarətdir. Səfir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna və BAMF-ın dəstəyinə görə təşəkkürünü bildirib.

BAMF-ın sədri Umud Mirzəyev son günlər Frankofoniya həftələri çərçivəsində müxtəlif tədbirlərə qatıldıqlarını dedi. O, həmçinin bu həftələr çərçivəsində BAMF-ın, Yunanıstanın və Fransanın ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə aprelin 1-də Muğam Mərkəzində möhtəşəm musiqi tədbirinin keçirildiyini xatırlatdı.

Daha sonra İsveçrənin Lozanna şəhərində yerləşən "X-Trem Move" idman assosiasiyasının idmançıları Kevin Krupi və Yoann Roiq, "Gilavar" Ekstremal İdman Klubunun üzvləri Həsən Məmmədzadə və Ayaz Qurbanovla birgə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınan Qız Qalasının qarşısında açıq havada parkur şousu nümayiş olundu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR