Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası"nı təsdiq edib.
Publika.az xəbər verir ki, bu qayda aprelin 8-də qüvvəyə
minib.
Qaydaya əsasən vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi
çərçivəsində satıcı qismində qeydiyyata alınaraq ticarət
festivalının təşkilatçısı (ticarət festivallarının təşkilini,
keçirilməsini və idarə olunmasını təmin edən hüquqi şəxs) ilə
xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində stikerlə
təchiz edilir. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata
keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən
və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker
satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu
aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri,
təqdim edilmiş stikerlərin sayı əks etdirilir, ticarət festivalının
təşkilatçısının nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun
səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir. Zədələnmiş
stiker ticarət festivalının təşkilatçısına təhvil verilməlidir.
Ticarət festivalının təşkilatçısı vergi orqanını və müvəkkil bankı
bu Qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir.
Satıcı aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi
təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi
məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya
təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə
görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır). Stiker
həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə
(kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir
(yapışdırılmalıdır). Stiker zədələndikdə, oğurlandıqda və ya
itirildikdə bu barədə dərhal ticarət festivalının təşkilatçısına
məlumat verilməlidir. Satıcının ƏDV-nin qaytarılması şərti ilə
satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə
satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən
çıxarılmalı və ticarət festivalının təşkilatçısına təhvil
verilməlidir.