İlham Əliyev: "Minsk qrupu təzyiqi daha da gücləndirməlidir"

İlham Əliyev: "Minsk qrupu təzyiqi daha da gücləndirməlidir"
15:17 10 Aprel 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söyləyib.

"Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək", - deyən Prezident vurğulayıb ki, Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Dövlət başçısı əlavə edib ki, bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.

"Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR