Əri yazar arvadını başqa qadınlarla sevişərkən tutdu və... - FOTO/VİDEO

Əri yazar arvadını başqa qadınlarla sevişərkən tutdu və... - FOTO/VİDEO
17:08 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

XX əsrin ən böyük rus şairələrindən biri Bella Axmadulina (İzabella Əhəd qızı Əhmədulina) öz lirikası ilə təkcə Rusiyada deyil, dünya ədəbiyyatında ön sırada yer ala bilib. Əslən tatar olan Bella Axmadulina 1937-ci ildə, aprelin 10-da Moskvada doğulub. Yaşasaydı bu gün 80 yaşını tamamlayacaqdı.

Publika.az bu münasibətlə Axmadulinailə bağlı yazını təqdim edir:

Onun atası gömrük rəisi vəzifəsində, anası isə KQB-də mayor rütbəsində tərcüməçi olub. Atası tatar, anası italyan qarışığı olan Bellanı nənəsi böyüdüb. Məhz nənəsi Bellaya poeziyanın gözəlliyini aşılayıb. Hələ aşağı siniflərdə oxuyanda Bella düşüncələrindən ibarət kiçik inşalar yazar və qətiyyən qramatik, orfoqrafik səhvlərə yol verməzdi. Buna baxmayaraq, Bella dərslərdə həvəssiz iştirak edər, bir çox dərsləri buraxardı. Özü sonralar deyirdi ki, müharibə illərində nənəsi ilə o qədər tək qalıblar ki, məktəb hay-küyü ona yad gəlirmiş. İlk şeirlərini hələ məktəbliykən yazıb. “Pionerlər evi”ndə təşkil olunan ədəbi dərnəklərə qatılır, şeirlərini səsləndirirdi. İlk şeiri 1955-ci ildə “Oktyabr” jurnalında dərc olunur. Onun şeirlərinə dərhal böyük rus şairi Yevgeni Yevtuşenko diqqət verib. O, gənc şairənin qeyri-adi üslubundan təəccüblənibmiş. Yeri gəlmişkən, Axmadulina və Yevtuşenkonu təkcə şeir birləşdirmirdi. Bu barədə daha sonra...

Bella Ədəbiyyat İnstitutunda oxumağı arzu edirdi. Amma valideynləri onun jurnalist olmasını istəyirdilər. Valideynləri ilə razılaşan Bella ilk il Moskva Dövlət Universitetinə qəbul oluna bilmir. Gənc qız “Metro inşaatçıları” qəzetində işə düzələrək orda mütamadi olaraq şeirlərini dərc etdirir. Növbəti il Bella arzuladığı Ədəbiyyat İnstitunun tələbəsi olur. Həmin il yazıçı-şair Boris Pasternak Nobel mükafatı qazansa da ölkəsində bunu qınaqla qarşılayırlar. Tələbələr daxil, bütün əli qələm tutan insanları irad məktunu yazmağa vadar edirlər. Lakin Bella bundan imtina edir və dərhal da institutdan xaric olunur.

Bundan sonra Bella “Ədəbiyyat” qəzetində ştatdankənar işçi olaraq çalışmağa başlayır. Bu dövrdə o, “Sibir yollarında” adlı ilk hekayəsini yazır. Bunu oxuyan qəzet rəhbərliyi tezliklə qızı instituta bərpa etdirir. Bella 1960-cı ildə həmin institutu qırmızı diplomla bitirir.

Tezliklə Bella Axmadulinanın “Simlər” adlı ilk şeirlər toplusu işıq üzü görür. Politexnik muzeyində Yevtuşenko, Voznesenski və Rojdestvenski ilə çıxışından sonra Bella məşhurluq qazanır. Onun maneralarındakı artistizm, intonasiya dinləyicilərin diqqətini çəkirdi.

Şairə kimi şöhrət qazandıqdan sonra Axmadulina “Musiqi dərsləri” (1969), “Şeirlər” (1975), “Külək”, “Şamlar” (1977) adlı kitabları ilə oxucularının zövqünü oxşayır.

Şəxsi həyatı

Şairənin ilk həyat yoldaşı Yevgeni Yevtuşenko olub. Onlar yuxarıda qeyd etdiyim kimi, Bellanın ilk şeirlərinin çapı ilə tanış olublar. Yevtuşenko xatirələrində deyirdi ki, tez-tez dava etsələr də küsülü qala bilmirmişlər. Amma barışıqlar işə yaramayıb – cütlük üç ildən sonra ayrılıb.

Bellanın ikinci əri yazıçı Yuri Naqibin olub. Onlar səkkiz ildən sonra ayrılıblar. Ayrılığa dözməyən Bella uşaq evindən Anna adlı qız övladlığa götürərək ona Naqıbın soyadı verir, bununla ümid edir ki, bəlkə əri bağışladı. Amma düşündüyü kimi olmur. Çünki Naqibin Bellanı nəinki Sovetlər dönəmində istənilən zəmanədə kişilərin qəbul edə bilməyəcəyi əməlinə görə evdən qovmuşdu. Yəni Axmadulinanın eynicinsli meylinə görə! Bu barədə ictimaiyyətə Naqibinin həyat yoldaşı Alla Naqibina uzun illər Amerikada yaşayıb vətənə dönəndən sonra məlumat vermişdi. Çoxları bunu Allanın həyat yoldaşının keçmiş evliliyinə bir qısqanclıq kimi qəbul etsə də, yazıçının dul xanımı dediklərini isbatlamışdı. Alla Vasili Aksenovun “Gizli ehtiras” əsərini misal çəkərək oradakı səhnələrin gerçək olduğunu bildirirdi. Onun sözlərinə görə, Vasili Bellanın qovulma əhvalatını bilirdi, onlar içki məclisi dostları idilər. Bella bunu özü yazıçıya danışmışdı. Ona görə də Vasili adları dəyişməklə qalan hər şeyi olduğu kimi əsərində göstərmişdi. Belə ki, günün birində Yuri evə qayıdarkən yataq otağından gələn intim səslərdən arvadının başqa birisi ilə olduğunu anlayır. Tez yataq otağına cumanda isə burada yad kişi yerinə yataqda arvadından başqa daha iki qadın görür. Qadınlar üçü də çılpaq, tərli və saçları pərişan halda olublar. Naqibin hər şeyi anlayıb Bella daxil, qadınları evdən qovub. Alla Naqibin iddia edib ki, qadınlardan biri Yevtuşenkonun Belladan sonrakı həyat yoldaşı olmuş Qalina Sokol olub. Allanın dediyinə görə, Bellanın Yurini qaytarmaq istəyi sevgiylə bağlı olmayıb. Sadəcə, Yuri həmin dövrlərdə zəngin yaşayan adam idi. Onun şəhər mərkəzində evi, ayrıca bağ evi, maşını vardı. Kino ssenarilərində yaxşı pul qazanırdı. Bahalı geyinir, tez-tez xaricə səfər edirdi. Belə əri kim əldən vermək istəyər ki?!

Bu ayrılıqdan bir müddət sonra Bella kabardin-balkar klassiki Kaysın Quliyevin oğlu Eldar Quliyevə ərə gedir. Amma hamı bu izdivaca mat qalır. Eldar haradan çıxdı, nə vaxt Bella ilə tanış oldu, nə tez evləndilər və s. Eldar Belladan 17 il kiçik olub. Bu nikahdan onların bir qızı – Liza doğulub. Üstəlik Eldar və Bellaya şəhərdə məhz Naqibin ev alıb vermişdi.

Lakin qızı doğulandan bir il sonra Bella ondan boşanıb rəssam Boris Messererə ərə gedir və bu əri ilə düz 30 il birgə həyat sürürlər. Ancaq Bella ərinin yanına qızlarını aparmayıb. Onları anasının və dayənin yanında qoyub. Dayə sonralar hər kəsə Bellanın onları unutduğunu, heç baş çəkmədiyini, səfalət içində yaşadıqlarını deyirmiş. Bellanın öz doğma anası ilə də münasibəti gərgin olub. Anna illər sonra övladlığa götürüldüyünü öyrənəndə evi tərk edib gedib. Hətta Axmadulina öləndən sonra da qətiyyən onun haqqında danışmırdı.

Bella Axmadulina ömrünün son illərini Peredelkino qəsəbəsində əri ilə birgə yaşayıb. O, çox xəstə olduğundan daha yazmırdı. 2010-cu ildə şairəni əməliyyat edirlər. Əməliyyat uğurlu alınsa da şairə dörd gün sonra dünyasını dəyişib. Dəfn mərasiminə isə yalnız yaxın adamları qatılıb.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/194504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR