"Sirlər xəzinəsi" layihəsinin tədbiri Yaqub Məmmədovun xatirəsinə həsr edildi - FOTO

"Sirlər xəzinəsi" layihəsinin tədbiri Yaqub Məmmədovun xatirəsinə həsr edildi - FOTO
17:27 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ağcəbədi rayonunda keçirilən "Sirlər xəzinəsi" layihəsinin üçüncü tədbiri görkəmli muğam ustası, xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr edildi.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Ağcəbədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Milli Konservatoriyasının və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan "Sirlər xəzinəsi"nin növbəti tədbiri aprel ayının 7-sində Ağcəbədi rayonundakı Yaqub Məmmədov adına mədəniyyət sarayında keçirildi. Tədbir görkəmli muğam ustası, xalq artisti Yaqub Məmmədovun həyat və yaradıcılığına həsr olunmuşdu.

Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndələrindəndir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.

Tədbiri giriş sözü ilə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açaraq sözü tədbirin aparıcısı M.F. Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirova verdi. Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölgəsinin katibi şair Ənvər Əhməd, fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verdi. Xalq artisti Arif Babayev Yaqub Məmmədov haqqında xatirələrini zala toplaşmış muğamsevərlərlə bölüşdü. Tədbirdə görkəmli muğam ifaçılarımız - xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artist Sevinc Sarıyeva və xanəndə İlkin Əhmədov bu ustad sənətkarın repertuarından muğamlar və təsniflər səsləndirdi. Muğam ustalarıni əməkdar artistlər tarzən Elşin Həşimov və kaman ustası Elnur Əhmədov müşaiyət edirdi. Tədbirdə yerli muğam həvəskarları da çıxış etdilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin və Milli Kitabxanın birgə layihəsi olan "Sirrlər xəzinəsi" nin ilk iki tədbiri dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuliyə və XIX əsrin görkəmli şairəsi Xurşidbanu Natəvana həsr edilmişdi və tədbirlər Beynəlxalq Muğam Mərkəzində və Milli Kitabxanada keçirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/533760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR