Azərbaycanda təhlükə: valideynlər ehtiyatlı olsun

Azərbaycanda təhlükə: valideynlər ehtiyatlı olsun
15:46 7 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda uşaqlar arasında xəstəliklərin səviyyəsi azalır. Eyni zamanda ölkəmizdə uşaq ölümlərinin sayı da azalır”. Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə hər doğulan min uşaqdan 30 nəfəri tələf olurdusa, indi bu rəqəm 10,2 faizə qədər azalıb. Həkim bu göstəricinin 2-3 faizə endirilməsi istiqamətində çalışıldığını əlavə edib.

Nəsib Quliyev bildirib ki, ötən il müayinədən keçirilən 2 milyon 600 minə qədər uşaqdan 657 min azyaşlının səhhətində müəyyən problemlər olub.

“Müxtəlif sağlamlıq problemləri olan uşaqların sayı 657 min uşaq olub. Yəni onların içərisində qan azlığı problemləri olan uşaqlar da var. Onlar xəstə deyillər, xəstəliyə meyillidirlər. Bu problem dövlət diqqəti nəticəsində azalmağa doğru gedir. Dövlət gözəl bir addım atdı. Qanun çıxarıldı ki, bütün uşaqlar ildə azı bir dəfə məcburi şəkildə tibbi müayinədən keçirilsin. Bu çox vacib bir məsələdir”, - deyə N.Quliyev bildirib.

Baş pediatr bildirib ki, hazırda Azərbaycanda uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri daha çox yayılıb. Bu səbəbdən də valideynlər diqqətli olmalıdırlar: “Uşaqlar arasında ən çox yayılan tənəffüs yollarının xəstəlikləridir. İkinci yerdə çağalıq dövründə olan xəstəliklərdir. Əvvəllər ikinci yerdə yoluxucu xəstəliklər idi. Üçüncü yerdə mədə-bağırsaq xəstəlikləridir. Ona görə də, valideynlər uşaqları hər il müayinədən keçirməlidirlər. Lakin valideynlər buna laqeyid münasibət bəsləyirlər”.

Qeyd edək ki, ötən il Azərbaycanda icbari dispanserizasiyadan keçirilən uşaqların sayı açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2014-cü ildə 0-17 yaş arasında müayinə olunmalı uşaqların sayı 2548200 nəfər olub. Onlardan 1957174 nəfəri icbari tibbi müayinə edilib, 591 026 uşaq isə müayinədən keçirilməyib (472 821 nəfəri yaşayış ünvanının dəyişməsi ilə əlaqədar, 118 205 nəfəri digər səbəblərdən).

Azərbaycanda müayinədən keçirilən 657 096 nəfər uşaqda xəstəlik aşkar olunub. Onlardan dispanser qeydiyyata alınan uşaqların sayı 406 488 nəfər təşkil edib. 75 990 nəfər uşaq sağalma ilə dispanser qeydiyyatından çıxarılıb. 61 086 uşaq hospitalizasiya olunub, 20 952 uşaq sanator müalicəyə göndərilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR