Şəkidə ölmüş heyvan əti aşkarlanıb

Şəkidə ölmüş heyvan əti aşkarlanıb
11:09 11 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətə baxış keçirilib. 

 

DBNX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı həyətdə mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, antisanitar şəraitdə kəsilərək soyulmuş 1 baş iribuynuzlu heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.

 

Aşkar edilmiş cəmdəkdən və daxili orqanlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Həyətdə aşkar edilən ümumi çəkisi 46 kq olan heyvan cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

 

Bildirək ki, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş iribuynuzlu heyvan əti olması müəyyən edilib.

 

Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətdə aşkarlanan və müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş heyvan cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

 

Qərara uyğun olaraq aprelin 10-da aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Şəki rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.

 

DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR