Dünyada Bakının ayaq səsləri: düşməni məhvə sürükləyən manevrlər

Dünyada Bakının ayaq səsləri: düşməni məhvə sürükləyən manevrlər
17:48 11 Aprel 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın beynəlxalq arenada nüfuzu hər keçən gün güclənir.

Publika.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin ilk üç ayı ərzində 7 ölkəyə səfər etməsi rəsmi Bakının beynəlxalq siyasətdə aktivliyinin göstəricisidir.

Davos İqtisadi Forumu



Azərbaycan Prezidenti 2017-ci il yanvarın 17-də Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfər etdi. Forum çərçivəsində dövlət başçısı bir sıra xarici şirkətlərin rəhbərləri ilə yanaşı, İsveçrə, Ukrayna prezidentləri, həmçinin, bir sıra ölkələrin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirtdi.

Davos İqtisadi Forumu dünyanın iqtisadiyyat üzrə ən nüfuzlu tədbiridir. Azərbaycan artıq uzun illərdir bu forumda iştirak edir və qlobal iqtisadi çağırışların müzakirəsinə qatılır. Bu, ölkəmizin qlobal nüfuzunun göstəricisidir.

Brüssel



Fevralın 6-da Prezident İlham Əliyev Brüsselə səfər etdi. Səfər çərçivəsində dövlət başçısı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Belçika Kralı Filip, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və digər rəsmi şəxslərlə görüşlər keçirtdi.

Bu, Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni səhifənin açılması hesab oluna bilər. Xüsusilə işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonların azad olunması işində belə səfərlər mühüm əhəmiyyətə malikdir.

Münxen Təhlükəsizlik Konfransı



Fevralın 16-da Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə yollandı. Dövlət başçısı Almaniyada 53-cü Münxen Təhlükəsizlik Konfransına qatıldı. Münxendə BMT-nin baş katibi Antoni Quttereşlə yanaşı, bir sıra ölkələrin rəsmiləri, həmçinin, beynəlxalq təşkilatların sədrləri ilə görüşlər baş tutdu. Prezident İlham Əliyec Münxen Təhlükəsizlik Konfransının panel iclaslarında da iştirak edərək, dünyanın təhlükəsizlik məsələlərini müzakirə etdi. Münxen Təhlükəsizlik Konfransı Davos İqtisadi Forumu ilə yanaşı, dünyanın ən nüfuzlu iki konfransından biridir.

Qətər


Fevralın 26-da Prezident İlham Əliyev Qətərə rəsmi səfər etdi. Dövlət başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninlə görüşərək, ikitərəfli münasibətləri müzakirə etdi. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 6 sənəd imzalandı. Bu səfər Azərbaycanın Körfəz ölkələri ilə sıx əlaqələrinin nümunəsidir.

Pakistan


Qətərə səfərin ardından fevralın 28-də Prezident İlham Əliyev Pakistana səfər etdi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və iki ölkə arasında daim sıx əməkdaşlıq mövcuddur. Onu da qeyd edək ki, Azərbaycan torpaqlarının işğal faktına görə Pakistan Ermənistanla heç bir diplomatik əlaqə saxlamır.

Dövlət başçısının Pakistan səfəri bu ölkədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədi daşıyırdı. Lakin sammitlə yanaşı, Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynlə, o cümlədən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdü.

Pakistan səfəri həm də Azərbaycan Ordusunun silahlandırılması baxımında da əhəmiyyətlidir. Pakistan Azərbaycana silah satan əsas ölkələrdəndir. Məlumatlara görə, rəsmi Bakı Pakistandan raket müdafiə sistemləri almaq istəyir. Bununla yanaşı, yeni döyüş təyyarələrinin alınması da gündəmdədir. Bu əməkdaşlığın işğalçı Ermənistanda böyük qorxuya səbəb olduğu da xüsusi vurğulanmalıdır.

İran

Image result for ilham ruhani

Martın 5-də dövlət başçısının İran İslam Respublikasına səfəri də regional proseslər fonunda əhəmiyyətli idi. Səfər çərçivəsində Azərbaycan prezidenti iranlı həmkarı Həsən Ruhani ilə görüşdü və bu görüşdə mühüm bəyanatlar səsləndirildi.

“İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır...Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Energetika sahəsində böyük uğurlar əldə edilib. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır...Biz İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

Öz növbəsində Həsən Ruhani son üç il ərzində Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb:

“Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır. Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan Respublikası və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir”.

Həsən Ruhani Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini bir daha bəyan edib.

Azərbaycan Prezidentinin İran səfəri düşmən ölkədə böyük narahatlığa səbəb olub. Çünki rəsmi İrəvan regionda İranı özünə əsas müttəfiq hesab edir, həmçinin, İranın karbohidrogen ehtiyatlarının Avropaya çıxarılmasında Ermənistanın əsas marşrut seçiləcəyinə ümid edir. Lakin Azərbaycan lideri öz manevrləri ilə İrəvanın planlarını alt-üst edir. Xüsusilə “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi nəhəng layihələr regionda Azərbaycanın maraqlarının təmin olunması baxımından mühüm rol oynayır.

Fransa



Martın 12-də Prezident İlham Əliyev Fransaya rəsmi səfərə gedib. İki gün davam edən səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm görüşlər keçirtdi.

Fransa prezidenti Fransua Ollandla görüş isə ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verməklə yanaşı, Ermənistanın Parisdən gözləntilərinə də zərbə vuruldu.

Azərbaycan lideri Parisdə “Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” mesajını verdi.

Olland isə Azərbaycanın ərazi bütövlüyünüə hörmətlə yanaşdıqlarını və münaqişənin tezliklə həllinə ümid etdiklərini açıqladı.

Azərbaycan liderinin xarici ölkələrə səfərləri, diplomatik manevrləri ölkəmizin nüfuzunun güclənməsi istiqamətində mühüm rol oynayır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR