Komitə sədri: "Bəzən xəstələrə 2-3-cü dərəcəli preparatlar yazılır, əsas müalicə isə kənarda qalır"

Komitə sədri: "Bəzən xəstələrə 2-3-cü dərəcəli preparatlar yazılır, əsas müalicə isə kənarda qalır"
13:37 12 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən həkimlər tərəfindən xəstələrə müalicə üçün lazım olan əsas preparatların yazılması, əsas müalicənin aparılması kənarda qalır, amma 2-3-cü dərəcəli preparatların xəstələrə yazılması ön plana çıxır. Məsələ ondadır ki, bu preparatların qiyməti əsas dərmanların qiymətindən çox baha olur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, həkimlərin dərman sayılmayan bioloji aktiv maddələrdən istifadə etməsinin əleyhinə deyillər: "Lakin söhbət ondan gedir ki, bunun arxasında başqa məqsədlər dayanır. Xəstə müalicə olunmaq üçün həkim yanına gəlir. Həkim deyir ki, səni müalicə edəcəyəm, amma xəstə müalicə edildikdən 2 il sonra həkim yanına təkrar gəlir və görür ki, onun bədənində metostazlar var. Belə hallar az deyil".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov isə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdəcərimə ediləcək. Deputat hesab edir ki, bu cərimələrin tətbiqi düzgün deyil:

"Dünyada bu gün vitamin preparatlarının çoxu, antibiotiklər xəstəyə reseptsiz verilmir. Lakin xəstəyə ehtiyac olduğu zaman vitamin əskikliyinə görə multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq hüququna malik olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq".

R.Mahmudov deyib ki, son illərdə xəstə haqlarının qorunması ilə bağlı məsələlər çox gündəmə gətirilir. Xəstə, həkim və tibb işçilərinin hüquqlarının qorunması balanslı şəkildə həyata keçirilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR