B.Basanqov adına Kamık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova təşəkkür məktubu ünvanlayıb.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təşəkkür məktubunda deyilir:
"Hörmətli Mübariz Şəfayət oğlu! Bu ilin mart ayının sonlarında Kalmıkiyada "Калмыцкий язык - мой язык!" yaradıcılıq layihəsi çərçivəsində "Здравствуй, калмыцкая земля!" adlı konsert keçirilib. Konsertdə rəhbərlik etdiyiniz Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov Sizin dəstəyinizlə iştirak edib. Mart ayının 26-da uğurla baş tutan konsertdə İ.Əsədov Kalmıkiyanın xalq və müasir mahnıları, eləcə də Kalmık Dövlət Filarmoniyasının direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Manciyevin mahnılarını ifa edib. İlham Əsədov Beynəlxalq teatr günü münasibətilə mart ayının 27-də keçirilmiş konsert proqramında da uğurla çıxış edərək tamaşaçıları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından Sizin salamlarınızı və teatr xadimlərinə təbrikinizi çatdırıb".
Mart ayının 29-da İki-Burulsk rayonunda olan sənətçimiz orada da çıxış edərək kalmık mahnıları ilə izləyiciləri sevindirib.
Məktubda daha sonra göstərilir ki, Kalmıkiya üçün ən vacib amillərdən biri olan doğma kalmık dilinin qorunub saxlanmasıdır. Bu istiqamətdə İ.Əsədovun göstərdiyi xidmətləri danılmaz hesab edən Kalmık Teatrının rəhbərliyi buna görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və öz minnətdarlığını bildirir.
Milli.Az