“Hacı Cavad”da təkrarlanan təxribat: şübhəli məqamlar və iki hədəf

“Hacı Cavad”da təkrarlanan təxribat: şübhəli məqamlar və iki hədəf
12:33 13 Aprel 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın üç səmavi dinini və müxtəlif inancları özündə birləşdirən, dini etiqada ən böyük hörməti göstərənAzərbaycanın paytaxtında məscidin sökülməsinə görə etiraz edən bir qrup insan görəndə şübhəli və paradoks suallar yaranır: Bu ölkədə 2166 məscid fəaliyyət göstərir, 306 məscid tarixi abidə kimi qorunur, sünni və şiənin eyni məsciddə Allaha ibadət edə bilməsi kimi bütün İslam aləmində nadir hal hesab olunacaq mənzərə mövcuddur, inanc sahiblərinin dini etiqad azadlıqları ən ali qanunla qorunur və bütün bunların fonunda bir qrup insan nəyə etiraz edir?

Bu, məsələnin paradoks tərəfidir. Şübhəli tərəfi isə “etiraz edən qrup kimdir” sualında gizlənib.

Bakının abadlaşdırılması istiqamətində görülən işlərin fonunda qəzalı vəziyyətdə olan “Hacı Cavad” məscidinin sökülməsi zərurətinə etiraz edənlər oldu. Halbuki, məqsəd kiminsə dini etiqad azadlığını məhdudlaşdırmaq yox, istifadə müddətini başa vurmuş tikililərin yerinə daha müasir infrastrukturun qurulmasıdır. Və o da diqqətdən yayınmır ki, “Hacı Cavad” məscidinin yerləşdiyi ərazidə “Təzəpir”, “İmam Hüseyn”, “Qasım bəy”, “Hacı Sultanəli” və “Xanım Zəhra” kimi daha müasir və böyük məscidlər var. Yəni “Hacı Cavad” məscidinin sökülməsinə etiraz edənlər ibadətgahlarını bu məscidlərdə daha rahat şəraitdə edə bilərlər. Təbii ki, əgər məqsəd təkcə Allaha ibadət etməklə yekunlaşırsa...

Məhz bu məqam və məscidin sökülməsi ilə “Azərbaycanda tarixi əhəmiyyətə malik ibadət evi uçurulur” rəyinin formalaşdırılması cəhdləri şübhələrə yol açır:

a) 1912-ci ildə inşa edilən “Hacı Cavad” məscidi SSRİ dövründə təyinatı üzrə istifadə olunmayıb, yalnız müstəqilliymizin bərpa olunmasından sonra bura ibadət üçün açılıb. Uzun illər ərzində məsciddə fəaliyyət göstərən şəxslərə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciət edilir, lakin heç bir reaksiya verilmir. Ta məscidin sökülməsi ilə bağlı məsələ ortaya çıxana qədər...
Məscidin sökülməsi məsələsi gündəmə gələndə burada toplaşan insanlar dini ayinləri icra edən Əhliman Rüstəmovun rəhbərliyi ilə dövlət qeydiyyatından keçmək üçün müraciət edirlər. Halbuki, Ə.Rüstəmov Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bu məscidə təyin olunmayıb. Sual yaranır: məsciddə ibadət edən qrup uzun illər boyunca bütün müraciətlərə baxmayaraq, qeydiyyatdan keçməkdən imtina etməsinin səbəbi nədir? Yaxud, illər boyunca dövlətin çağırışına məhəl qoymayan qrup niyə məhz indi qeydiyyat üçün müraciət etdi?

b) Minarəsi belə olmayan məhəllə məscidinə toplaşanlar yaxınlıqdakı “Təzəpir”, “İmam Hüseyn”, “Qasım bəy”, “Hacı Sultanəli” və “Xanım Zəhra” məscidlərinə getmək imkanı varkən, niyə bundan imtina edirlər? Həqiqətənmi, məsələ təkcə ibadətlə yekunlaşır?

c) Məhəllə məscidləri tarix boyu həmin məhəllədə yaşayan insanların istifadəsində olub. Lakin “Hacı Cavad” məscidində toplaşanlar məhəllə sakinləri yox, kənardan gələn insanlardır. Onlar kimdir?

Etiraz edən qrupun səsləndirdikləri şüarlar, radikal davranışları onların məqsədinin heç də ibadət etmək haqlarının müdafiəsi olmadığını göstərir. Onlar həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov və Nardaranda “dini anklav” yaradaraq, dövlətə qarşı silahlı təxribat törədən “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırzadənin tərəfdarlarıdır.

2015-ci ildə Tale Bağırzadənin tərəfdarları Nardaranda polis əməkdaşlarının şəhid olması ilə nəticələnən silahlı qarşıdurma yaratdılar. Həmin vaxt da hadisələr “Hacı Cavad” məscidinin önündə səslənən şüarlarla başlanmışdı: “Biz harada ibadət edək?!”.

Ölkədə məscidlərin sayı və ibadət üçün yaradılan ən yüksək səviyyə fonunda bu sual absurd görünsə də, proseslərin inkişafı məqsədin dini təxribat yaratmaq olduğunu göstərir.

Və ən maraqlı məqam dini təxribat niyə məhz indi həyata keçirilməsidir. Axı məscidin söküləcəyinə dair məsələ hələ lap öncədən məlum idi.

Burada iki diqqətdən yayınmayan məqam var:

Birinci: 12-22 may tarixində Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 57 dövlətdən 6 min idmançının qatılacağı oyunlarda bütün İslam aləminin üzəri Bakıda döyünəcək. Görünür, dini təxribata əl atanlar oyunlar öncəsi “Azərbaycanda məscidlər sökülür” süni rəyinin yaradılmasına çalışırlar. 2015-ci ildə keçirilən I Avropa Oyunları ölkəmizə qarşı təxribat hücumlarının yaşanması eyni təcrübənin bu dəfə də istifadə edilə biləcəyini göstərir.

İkinci: Məscidin sökülməsi ilə bağlı etirazların başladığı gündən dörd gün öncə - aprelin 8-də Milli Şura mitinq keçirtdi. Mili Şuranın mitinqindən bir neçə gün sonra dini təxribatın yaradılması cəhdləri nə dərəcədə təsadüfü ola bilər? Milli Şuranın Tale Bağırzadənin tərəfdarlarından elektorat toplaması cəhdləri ötən ilin sentyabrından başladı. Sonuncu mitinqə gələnlərin əksəriyyəti də məhz radikal dindarlar idi. Sosial şəbəkələrdə “Azərbaycanda tarixi məscid sökülür” statuslarının əksəriyyəti də məhz Milli Şuranın tərəfdarlarının klaviaturalarından çıxmışdı. Bu baxımdan, Milli Şuranın mitinqinə gələnlərin “Hacı Cavad” məscidinin önündə etiraz etməsi arasında bağlantının olması ehtimalı böyükdür. Və hesab etmək olar ki, yaradılan dini təxribatın hədəfi daha böyük hədəfi var: İslam Oyunları öncəsi “Azərbaycanda dini etiqad azadlığı boğulur” rəyi formalaşdırılır və ölkədə dini təxribatlarla qarışıqlıq yaratmağa cəhdlər olunur.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR