Liondakı qalmaqalın təfərrüatları: UEFA fransızları cəzalandıra bilər - FOTO

Liondakı qalmaqalın təfərrüatları: UEFA fransızları cəzalandıra bilər - FOTO
11:05 14 Aprel 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" (2:1) matçında yaşanan qalmaqalın təfərrüatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanın planlaşdırılan vaxtdan 45 dəqiqə gec başlaması Fransa təmsilçisinə baha başa gələ bilər.

Məsələ burasındadı ki, oyunöncəsi yerli azarkeşlərin olduğu tribunalarda qarışıqlıq yaranıb. Yuxarı tribunalarda məşəllərin yandırılması və partlayıcı maddələrin atılmasından qorxan aşağı tribunalardakı azarkeşlər dərhal meydançaya doğru qaçıblar. Təxminən 2000-ə yaxın fanatın meydana girməsi aranın qarışmasına səbəb olub.

"Lion" prezidenti Jan-Mişel Olas da meydana daxil olaraq, mikrofonla azarkeşlərə səslənib. O, qorxulu bir şeyin olmadığını deyib və fanatların tribunalardakı yerlərinə qayıtmalarını istəyib. Yalnız bundan sonra meydança boşaldılıb.

Bu hadisədən əvvəl isə Fransa polisi qonaq azarkeşlərə qarşı hərəkətləri ilə diqqət mərkəzinə düşüb. Belə ki, stadiona doğru mahnılar oxuyaraq gedən "Beşiktaş" fanatlarına polislər hücum çəkib, gözyaşardıcı qazlardan istifadə ediblər. Bu müdaxilə bir azarkeşin başından yaralanmasına səbəb olub. Həmçinin bir neçə türk fanata qarşı sərt davranan asayiş keşikçiləri onları bölməyə aparıblar.

UEFA həm stadionun həndəvərində, həm də içində baş verənlərlə bağlı araşdırmaya başlayıb. Xüsusən də, təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması qitə futbol qurumunu narahat edir. UEFA İntizam Komitəsinin "Lion"a stadion qadağası qoyması da istisna deyil.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 20-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR