"Formula-1"in yeni sədri Azərbaycandan üzr istədi

"Formula-1"in yeni sədri Çeyz Keri "Liberty Media"nın icraçı direktoru Qreq Maffeyin tənqidlərinə görə yarışların Azərbaycan mərhələsinin təşkilatçılarından üzr istəyib.

Bunu "F-1"in Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib.

Bundan əvvəl Qreq Maffey bildirmişdi ki, "F-1"in sabiq sədri Berni Ekklstoun yarışların Bakıda keçirilməsinə yalnız maddi marağa görə razılıq verib.

"Mən Çeyzlə telefonla danışdım. Biz əvvəlcə başqa şeyi müzakirə etdik, lakin bu mövzunu da buraxmaq olmazdı. Biz belə bir qənaətə gəldik ki, heç də hamı bu mövqeni paylaşmır.

Keri baş verənlərə görə üzr istədi. Çeyzin sözlərindən belə çıxdı ki, o [Maffey]in iddiaları ilə qətiyyən razı deyil. Məsələnin bu yerə gəlib çıxması onu məyus edib, mənə isə onun bizim tərəfimizdə olması xoş təsir bağışladı.

Düşünürəm ki, biz indi bütün məsələləri həll etmiş olduq. Qaldı bircə möhtəşəm yarış təşkil etmək üçün gördüyümüz ciddi işləri hamıya göstərmək", - deyə Arif Rəhimov bildirib.

O əlavə edib ki, Keri Bakı mərhələsinin "F-1" təqvimində qalmasının tərəfdarı olduğunu bildirib.

"Bizim yarış onun xoşuna gəlir. O, məmnuniyyətlə mərhələyə gələcək", - deyə A.Rəhimov qeyd edib. (Report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR