Müharibəyə hazırlıq mesajı: "Ermənistan zəifləyir, təzyiq artmalıdır"

Müharibəyə hazırlıq mesajı: "Ermənistan zəifləyir, təzyiq artmalıdır"
08:05 15 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytaranadək daim təzyiq altında saxlanmalıdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycan dövləti və cəmiyyəti düşmənlə müharibəyə hər an hazır vəziyyətdə olmalıdır: "Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi və diplomatik korpusumuz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çox yaxından məşğul olur.  Azərbaycan dövləti, onun prezidenti mütəmadi sülh danışıqlarını davam etdirməklə yanaşı, ordumuzun, ölkənin müdafiə sənayesinin güclənməsi üçün böyük işlər həyata keçirilir. Biz hər an işğal altında torpaqlarımızı azad etmək üçün müharibəyə hazır olmalıyıq".

A.Əliyev qeyd edib ki, Ermənistana ciddi təzyiq göstərilməyincə torpaqlarımız xoşluqla qaytarılmayacaq: "Biz işğalçı Ermənistanı daim təzyiq altında saxlamalıyıq. Özü də bu təzyiq davamlı olmalıdır. Biz dövlət büdcəsindən ordunun silahlanmasına böyük vəsait ayrırıq. Ermənistan da bizimlə yarışa girməyə çalışır. Lakin bizdən fərqli olaraq Ermənistan orduya daha çox vəsait ayırdıqca onların vətəndaşlarının yaşayış səviyyəsi aşağı düşür. Çünki Ermənistanın iqtisadi gücü, maliyyə imkanları Azərbaycanınkı qədər deyil. Bu səbəbdən insanlar ölkəni tərk etmək məcburiyyətində qalırlar. Nəticədə Ermənistan getdikcə zəifləyir, Azərbaycan isə güclənir".
 

İlham Əliyev: "Ermənistan nə qədər tez danışıqlar masasına qayıtsa, onlar üçün bir o qədər yaxşı olacaq"

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/535211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR