​Bu, seçim deyil, qismətdir...

Dəhşətli yorğunluq...

Qaranlıq bir otaqda yuxuya dalasan, səni dünyada yaşamaq məburiyyətində qoyan hər şeyə kor olasan. Bir də heç vaxt danışmayasan, dilini udasan, bütün sözlərə yadlaşasan. Qaçasan bütün insanlardan. Bir səhər oyanıb yatdığın yataqda özünü tapmayasan. Nə bilim, günəşli günlərin, aylı gecələrin birində öləsən...

***

Şair necə deyirdi? "İstəyirəm sənsiz qalmayam, öləm. Qorxuram ki, ölsəm itirərəm səni". Görəsən bu şəhərin hansı küçəsində, hansı döngəsində itirdik bir-birimizi?! Qırıldı yollar, boşaldı bir-birimizə sarılan qollar. İndi hərəmiz ayrı bir şəhərdə pəncərə önündə günəşin doğmasını gözləyirik. Lap yaxındakı uzaq kimiyik bir-birimizə...

***

İllər keçir, amma bu cümlələrin hələ də beyimin içində yarış maşınları kimi o yan-bu yana gedir:

"Sən yaxşı oğlansan, amma məni bağışla, sevdiyin qızı sevdiyin şəhərə - İstanbula əmanət et. İnan, hər şey sənin gələcəyin və xoşbəxtliyin üçündür. Bu, seçim deyil, qismətdir. Sən də ailə qur, xoşbəxt ol...!"

***

Mən bütün həyatımı sənə həsr edəcəkdim. Səninlə asma pərdəli evimiz, qızım olacaqdı. Səhərlər gec oyanmağına, bişirdiyin dadsız yeməklərə, alış-verişlərinlə məni yormağına və daha nələrə deyinəcəkdim... Amma yenə günün sonunda çox sevdiyimizi deyəcəkdik. İndi bunlar adi söz yığınından başqa bir şey deyil...

***

Yəqin ki, indi gözün uzaq yollara zillənib. Bilirəm, sən də bezmisən yaşadığın eyniliklərdən. Yaşaya bilmədiklərin üçün elə hey ah çəkirsən. Sonra qızının dodaq büzüb yatağında ağlamağı və ona sarılmağın...

***

Yaşamaq yalvarmağa dəyəcək bir şey deyil. Amma gözəldir. Bu dünyaya birdə gəlsəm, yenə səhv edərdim, yenə səni seçərdim, yenə səni sevərdim. Lap birdə bədbəxt olsam da. Sənə görə, sırf sənə görə öləndən sonrakı həyata, lap cənnətə də inanıram...

***

Bütün bunları elə sakit-sakit danışırdı ki... Mənim gözlərim yaşaranda isə, "bunları ağlamaq üçün danışmıram, nəticə çıxar..." deyirdi...

Bu şəhərdə nə sevgilər ölür...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR