Sosial yardım üçün kart aldı, boş çıxdı - Lənkəranda

Sosial yardım üçün kart aldı, boş çıxdı - Lənkəranda
12:27 15 Aprel 2017
281 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhəri, Girdəni kənd sakini tərəfindən femida.az-a müraciət daxil olub. Rayon sakini Cəfərov Sərdar Gülməli oğu ünvanlı sosial yardım almaq üçün qarşılaşdığı problemdən şikayətlənib. O sosial yardım üçün lazım olan sənədləri təqdim etdikdən sonra kart aldığını, amma kartına bu günə qədər pul yüklənmədiyini və sonradan ona sosial yardım verilməkdən imtina edildiyini bildirib.

"Ailədə 5 nəfərik. Heç birimiz də işləmirik. Ünvanlı sosial yardım almaq üçün 2016-cı ilin dekabrında müraciət etdik və bütün sənədləri təqdim etdik. Amma 1 ay sənədləşməni uzadıb yanvar ayında qeydiyyata saldılar. Poçta getdim və dedim ki, niyə sənədləri göndərməyi uzadırsınız? Poçtda işləyən Könül xanım cavabında dedi ki, sən Allahına şükür elə ki, sənədləri qəbul etmişik. Daha sonra onlar bizə kartı təqdim etdilər. Yoxlayanda gördük ki, içərisinə pul vurulmayıb. Daha sonra bizə məlumat verdilər ki, 2017- ci ilin yanvarında bizə sosial yardım verilməsi üçün imtina cavabı gəlib. Mən başa düşə bilmirəm. Əgər bizə sosial yardım düşmürdüsə, niyə bizə kartı vermişdilər ki?"



Milli.Az xəbər verir ki, sözügedən sayt vətəndaşın müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, ailə üzvlərindən biri vergi orqanlarından qeydiyyatdan keçdiyi üçün onlara sosial yardım verməkdən imtina olunub. 

"Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə daxil edilən məlumatlar reallığı əks etdirməli və ailənin orta aylıq gəlirinin müəyyən olunmasına da imkan yaratmalıdır. Əks halda, yəni ailənin orta aylıq gəliri müəyyən edilmədən ailənin sosial yardım almaq hüququnun da müəyyən olunması mümkün deyildir. Çünki "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Cəfərov Sərdar Gülməli oğlunun elektron müraciət zamanı sistemə daxil etdiyi məlumatlar da avtomatlaşdırılmış rejimdə araşdırılarkən onun ailə üzvünün vergi orqanında müvafiq qaydada qeydiyyatdan keçdiyi, lakin müraciət edilməzdən əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti göstərmədiyi və ya digər vergi tutulan əməliyyat aparmadığı müəyyən edilib. Ailə üzvünün sahibkarlıq fəaliyyətindən əldə etdiyi faktiki gəlirlər də vergi və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərlə təsdiq edilmir. Ona görə də sistem tərəfindən Cəfərov Sərdar Gülməli oğlunun təmsil etdiyi ailənin orta aylıq gəlirinin hesablanması, beləliklə, həmin ailənin orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə olmasını müəyyən etmək mümkün olmayıb. Qeyd olunan səbəbdən də "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən həmin ailəyə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina olunması barədə qərar qəbul edilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR