Bakıda ilk: "Əvvəl iranlılar idi, indi ərəblər artıb..." - REPORTAJ

Bakıda ilk: "Əvvəl iranlılar idi, indi ərəblər artıb..." - REPORTAJ
12:57 15 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk dəfədir, paytaxtda Bakı Ticarət Festivalı (Baku Shopping Festival) keçirilir. Festivalın keçirilməsində məqsəd Azərbaycan turizmi və iqtisadi potensialının yüksəldilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırmaqdır.

Mayın 10-dək davam edəcək festivalın gedişatı haqda maraqlanmaq üçün paytaxtın böyük ticarət mərkəzlərindən birinə yollandıq. Bələdçimiz İRŞ mütəxəssisi Asif Bağırovdur. Deyir, Mybrands mağazalar şəbəkəsi Baku Shopping Festivalda iştirak edir.

Milli.Az xəbər verir ki, Bakı Şopinq Festivalından lent.az-a verilən məlumata görə, festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "Tax free" sistemi tətbiq ediləcək. Belə ki, festival günlərində 100 manatlıq və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı "Tax free" sistemindən yararlanacaq.

Alış-veriş zamanı satıcıya ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyinizi bildirmək lazımdı. Sonra elektron hesab-fakturanın (e-VHF) doldurulması üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edilməlidir. Satıcı e-VHF-i doldurub, sizə 2 nüsxədə təqdim edəcək. Hesab-fakturada satıcının imzası, xüsusi möhür, qaytarılacaq məbləğ və ƏDV-nin qaytarılması üçün son tarix göstərilməlidir. Növbəti mərhələdə hesab-faktura xüsusi vergi köşklərinə təqdim edilməlidir. Köşklər Bakının 28 Mall, Port Baku, Nargiz Mall, Park Bulvar, Metro Park və Ganjlik Mall ticarət-əyləncə mərkəzlərində yerləşir.

Vergi xidmətinin əməkdaşı hesab-fakturanı yoxlayıb, möhürləyəcək. Park Bulvar ticarət-əyləncə mərkəzlərində yerləşən hesab-faktura xüsusi vergi köşkündəki Vergilər nazirliyinin müfəttişi Bəhruz Nəsirovun dediyinə görə, günortaya qədər 48 alıcı "Tax free" sistemindən yararlanıb. Sonuncu müraciət edən Aytən xanım olub. 140 manatlıq nağd alış-veriş edib, 14 manatlıq ƏDV-sini geri alıb.

Sənədləşdirmə bitəndən sonra müştərilər "Kapital Bank" ASC, "Bank Silk Way" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC -dən pullarını götürə bilər. Bu zaman yerli sakinlər şəxsiyyət vəsiqəsi, turistlərin isə pasportları yanlarında olmalıdır. Hər bir alıcı bir vacib məqama diqqət etməlidir. Kartla alış-veriş edənlər ƏDV-sini 10 gün ərzində, nağd alış-veriş etmiş şəxslər isə həmin gün götürməlidir. Əks halda pulları batacaq.

Zəruri qeyd: Nəzərə alın ki, "Tax-free" sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Bura aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin ƏDV-si geri qaytarılmayacaq.

Məmmədov Elvinin 28 yaşı var. Festival haqda eşidib gəlib. Bəyəndiyi krossovkanın qiyməti nə az, nə çox - 999 manatdı.

- Xeyli vaxtdı, bu krossovkanı bəyənmişəm. Amma qiyməti büdcəmə uyğun gəlmirdi. Dedilər, endirim var, gəldim. 30 faiz endirim edəcəklər. Mybrands kartım olsaydı, əlavə 5 faiz də endirim ola bilərdi. Təəssüf edirəm, o kartdan yoxumdu. Ona görə də sadəcə 30 faizlik endirimdən yararlanacam. 699 manat 30 qəpikdi. İzah etdilər ki, bunu alsam, ƏDV-mi də geri ala biləcəm. Təqribən 125 manat edir. Sonda 999 manatlıq krossovka mənə 574 manata başa gələcək. Düşünməyə dəyər. Qardaşımı gözləyirəm, o da gəlsin, birlikdə qərar verəcəyik.

Günel Qaraxanova brend mağazalardan birində menecer işləyir. Festivalın keçirilməsini müsbət qiymətləndirir. Deyir, festival bayram əhval-ruhiyyəsi yaradıb.

- Alıcı sayı 40-50 faiz artıb. Mağazamızın həm yerli, həm də əcnəbi müştəriləri çoxdur. Onlara festival, əsas da endirimlər haqda məlumat verəndə çox sevinirlər. Həvəslə alış-verişə başlayırlar.

Hazırda dükanda ərəb turistlər sağa-sola vurnuxurlar.

Digər mağazanın meneceri Xəyalə Cəfərovanın sözlərinə görə, Novruz bayramı ərəfəsində İrandan gəlmiş turistlər çox olsa da, bu günlərdə ərəb turistlərin sayı artıb.

Abdullayeva Aysel kassir işləyir. Festival çərçivəsində mağazada alıcıların artımı hiss olunduğunu deyir. Bəzi müştərilərin hələ də məlumatsız olduğunu, satıcıların onları məlumatlandırdığını da qeyd edir. Festivalın yeni başlanmasını nəzərə alaraq, önümüzdəki günlərdə alıcıların daha da çoxalacağına inanır.

Aysel xanımdan fərli olaraq, Əliyev Mehtixan müştərilərin azlığından gileylənir. O, bunu festivalın təzə başlanması ilə əlaqələndirir. Məlumat nə qədər çox yayılarsa, alıcıların da o qədər çoxalacağını düşünür.

Gəlişimiz nahar vaxtına düşdüyündən Park Bulvarın dəhlizlərində gedib-gələnlər azdı. Axşama doğru alıcıların artacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR